Ermənistanın Azərbaycandan elektrik enerjisi idxal etmək imkanını müzakirə etməsi iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq imkanlarını gündəmə gətirib. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə və İranla da elektrik enerjisinin idxalı məsələsini müzakirə edir. Xüsusilə Ermənistanın süni intellekt sahəsinə yatırımları fonunda gələcəkdə elektrik enerjisinə tələbatın artacağı gözlənilir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ də yoxdur:
"Sadəcə, paraflanmış bir razılaşma var, yəni yekun sülh müqaviləsi hələ yoxdur. Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddiaları var. Amma ölkələr çalışırlar ki, bu münasibətləri yumşaltsınlar, yaxşılaşdırsınlar. Sülh müqaviləsi bağlanandan sonra biz ciddi şəkildə ölkələr arasında əməkdaşlığın qurulacağını görəcəyik. Çünki uzun müddət heç bir iqtisadi əlaqə olmayıb".
Müsahibimiz əlavə etdi ki, Ermənistan da enerji idxal edən ölkədir:
"Ona görə Ermənistan üçün bir tərəfdən enerjini uzaqdan idxal etmək və yalnız bir ölkədən, Rusiyadan asılı olmaq var, digər tərəfdən isə enerji mənbələrini diversifikasiya etmək mümkündür. Rusiyadan da alsın, İrandan da alsın, Azərbaycandan da alsın. Yəni bu, Ermənistanın özü üçün də çox vacib məsələdir. Özünün enerji təhlükəsizliyi üçün vacibdir. Bizim üçün də maraqlıdır ki, qonşu dövlətlə uzun müddət müharibə şəraitində olmuşuq. Hamımız bilirik ki, bu müharibə hər iki ölkəyə həddən artıq ziyan vurub. Onlar da ticarətin olmamasının, iqtisadi əlaqələrin qurulmamasının problemlərini yaşayıblar. Hər iki ölkənin inkişafına bu müharibə ciddi problem yaradıb. Ümid edək ki, tezliklə sülh müqaviləsi bağlanacaq, artıq iki ölkə arasında əməkdaşlıq yaranacaq və xüsusən də əməkdaşlığın formalaşması və genişlənməsi mərhələsində hər iki ölkə bundan ciddi şəkildə faydalanacaqlar".

























