Musavat.com-un ötən saylarında Dağıstanın keçmiş baş nazir müavini və Rusiya Dövlət Dumasının sabiq deputatı Hacı Maxaçevin xanımı Anna Kamenevanın Moskva vilayətində qətlə yetirilməsi barədə məlumat vermişdik.
Ardınca Maxaçevin Azərbaycanla bağlı dosyesini araşdıraraq onun rəhbərlik etdiyi avar milli hərəkatının ölkəmizin ərazi-siyasi quruluşuna yönəlmiş fəaliyyəti, Azərbaycanın Zaqatala-Balakən bölgəsində “avar muxtariyyəti” yaradılması tələbi, eləcə də Qarabağdan didərgin salınmış azərbaycanlıların öz ölkələrinin şimal bölgəsində yerləşdirilməsinə qarşı çıxması barədə faktları oxucularımıza təqdim etmişdik. (BURADA)
Musavat.com xəbər verir ki, araşdırmamızın növbəti hissəsində Maxaçevin Azərbaycanla bağlı fəaliyyətinin daha bir diqqətçəkən istiqamətini – Qarabağdakı qondarma işğalçı separatçı qurumla əlaqələrini və sonradan Bakı metrosunda 13 nəfərin ölümü ilə nəticələnmiş terror aktına görə ömürlük həbs edilən Azər Aslanovun əsirlikdən azad olunmasında onun rolunu təqdim edirik.
Qarabağdakı separatçı qurumla əlaqə kanalı
Maxaçevin Azərbaycan dosyesinin başqa mühüm istiqaməti Birinci Qarabağ müharibəsinə gedib çıxır. Dağıstanın “Dagestanskaya pravda” qəzetində onun bioqrafiyasına həsr edilmiş materialda bildirilir ki, Maxaçev 1993-cü ildə “xalq diplomatiyası” vasitəsilə Qarabağda əsir düşmüş Azərbaycan sakini olan 13 etnik dağıstanlını azad etdirib.
Bu fakt Maxaçevin Qarabağdakı qondarma işğalçı separatçı qurumun nümayəndələri ilə əsirlərin azad edilməsi üçün işlək əlaqə kanalına malik olduğunu göstərir. Bir il sonra həmin əlaqələr çərçivəsində azad edilən şəxslərdən birinin adı isə Azərbaycan tarixinin ən qanlı terror hadisələrindən biri ilə bağlı ortaya çıxır.
Həmin şəxs Azər Salman oğlu Aslanov idi.
Əsirlikdən Bakı metrosundakı terroradək
Azər Aslanov Azərbaycan Ordusunun zabiti və batalyon komandiri olub. O, 13 yanvar 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı erməni qüvvələrinə əsir düşüb. Azərbaycan məhkəməsinin müəyyən etdiyi faktlara əsasən, əsirlikdə Aslanov Ermənistan xüsusi xidmət orqanlarının nəzarətinə keçib və “Omar-75” kod adı ilə əməkdaşlığa cəlb edilib.
Hadisənin ən ağır hissələrindən biri onun anasının Ermənistana aparılması olub. 1994-cü ilin iyununda Aslanovların Bakıdakı evinə zəng edilərək Azərin sağ olduğu bildirilib və onun azad olunması üçün yaxın qohumlarından birinin Ermənistana gəlməsi istənilib. Azərin anası Ermənistana gedib və daha sonra Şuşaya aparılıb. O, oğluna təzyiq vasitəsi kimi girov saxlanılıb. Azər Aslanova anasının həyatının təhlükədə olduğu bildirilib.
Bundan sonra Aslanova saxta sənədlər, partlayıcı maddə və partlayış mexanizmi verilib. O, İrəvan–Mineralnıye Vodı–Bakı marşrutu ilə Azərbaycana göndərilib. 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında hərəkət edən qatarda partlayış törədilib. 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Azərbaycan Ali Məhkəməsi Azər Aslanovu həmin terror aktının törədilməsində təqsirli bilib. Aslanov terror aktından sonra yenidən Ermənistan tərəfinə qayıdıb. Bundan sonra anası sərbəst buraxılıb. Lakin Azər Aslanov özü həmin vaxt azad edilməyib. Və məhz burada Hacı Maxaçevin adı yenidən ortaya çıxır.
Azərbaycan Ali Məhkəməsinin Azər Aslanov işi üzrə materiallarında onun atası Salman Heydər oğlu Aslanovun istintaqa verdiyi ifadə yer alır. Atası oğlunun 1994-cü ilin yanvarında Füzuli istiqamətində batalyon komandiri kimi döyüşərkən erməni əsirliyinə düşdüyünü bildirib.
Daha sonra ifadədə konkret göstərilir: “Azəri 1994-cü ilin oktyabrında əsirlikdən azad etdilər və bu işdə Dağıstandan olan deputat Hacı Maxaçev kömək etdi”.
Bunun vaxtı xüsusilə diqqət çəkir. Söhbət Aslanovun Bakı metrosunda terror aktını törətməsindən sonrakı dövrdən gedir. Aslanov iyulun 3-də Bakıda terror aktını törədir, yenidən Qarabağdakı qondarma işğalçı separatçı qurumun nəzarətində olan əraziyə qayıdır, həmin ilin oktyabrında isə Maxaçevin köməyi ilə əsirlikdən azad edilir. Onun atasının məhkəmə materialındakı ifadəsinə görə, bundan sonra Azər Aslanov ailəsi ilə birlikdə Mahaçqalaya gedir, orada yaşayır və Bakıya qayıtmır.
Beləliklə, Maxaçevin Qarabağ xəttində olduqca ciddi fakt ortaya çıxır: sonradan Bakı metrosunda 13 nəfərin ölümünə səbəb olmuş terror aktını törətməkdə təqsirli bilinən şəxsin erməni əsirliyindən çıxarılmasında Maxaçev iştirak edib və həmin şəxs bundan sonra məhz Dağıstanda yaşayıb. 1996-cı ildə Rusiya xüsusi xidmət orqanları Azər Aslanovu Mahaçqalada saxlayıb. Daha sonra o, Azərbaycana təhvil verilib.
Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası 29 aprel 1998-ci ildə Azər Salman oğlu Aslanovu Bakı metrosundakı terror aktına görə təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.
Maxaçevin yüksələn kariyerası
Maxaçev həyatının sonrakı illərində Rusiya siyasi sistemində yüksəlişini davam etdirib. Rusiya Dövlət Dumasının deputatı olub, 2007-ci ildə Dağıstan hökuməti sədrinin müavini – baş nazirin müavini təyin edilib, 2010-cu ildən isə Dağıstan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında daimi nümayəndəsi kimi çalışıb. 19 dekabr 2013-cü ildə Hacı Maxaçev Moskvada Kutuzov prospektində baş verən ağır avtomobil qəzasında həlak olub.
Beləliklə, onun siyasi yolu avar milli hərəkatının rəhbərliyindən Dağıstan parlamentinə, “Daqneft” rəhbərliyindən Rusiya Dövlət Dumasına, Dağıstan hökumətinin baş nazir müavini vəzifəsindən respublikanın Rusiya Prezidenti yanında daimi nümayəndəliyinə qədər uzanıb.
İndi isə xanımının Moskvada qətlə yetirilməsi Maxaçevin adını yenidən gündəmə gətirib və onun illər əvvəl Azərbaycanla bağlı fəaliyyətinin az bilinən səhifələrini də yenidən diqqət mərkəzinə çıxarıb.
Amma bir həqiqət dəyişməz olaraq qalır. Azərbaycana qarşı zaman-zaman separatçılıq kartından istifadə etməyə çalışan qüvvələr bilməlidirlər ki, Azərbaycanda yaşayan bütün xalqlar əsrlər boyu bir-biri ilə qardaşlıq, mehribanlıq və əmin-amanlıq şəraitində yaşayıblar.
Bu birlik həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində özünü göstərdi.
Musavat.com
























