Rusiya və Ukrayna arasındakı münaqişənin gərginləşməsi fonunda dünyada buğdanın qiyməti üç ilin ən yüksək səviyyəsinə çatıb.
Qara dənizdə vəziyyətin gərginləşməsi limanlara və taxıl terminallarına zərər verib, əsas ixrac bölgələrindən birindən təchizatı əhəmiyyətli dərəcədə azaldıb.
Analitiklər xəbərdarlıq edirlər ki, bu tendensiya qlobal ərzaq inflyasiyasını sürətləndirə və bir çox ölkədə un məhsullarının maya dəyərinə təsir göstərə bilər.
Bəs buğdanın bahalaşması Azərbaycanda çörək və un məmulatlarının qiymətinə təsir edəcəkmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Qara dəniz regionunda buğda tədarükünün ciddi şəkildə pozulması davam edərsə, bunun Azərbaycanda un və un məmulatlarının qiymətlərinə müəyyən təsir göstərməsi mümkündür.
Onun sözlərinə görə, lakin dünya bazarında buğdanın bahalaşması avtomatik olaraq çörəyin qiymətinin eyni nisbətdə artacağı anlamına gəlmir:
"Çörəyin və digər un məmulatlarının qiymətində buğdanın dəyəri əsas amillərdən biridir, amma yeganə amil deyil. Burada unun istehsal xərcləri, enerji, yanacaq, elektrik, daşınma, əməkhaqqı, qablaşdırma və digər xərclər də rol oynayır. Buna görə buğdanın qiymətindəki artım ilk növbədə un istehsalçılarının maya dəyərinə təsir göstərə bilər".
İqtisadçı əlavə edib ki, Azərbaycan üçün əsas məsələ ölkənin buğda təminatında idxalın və daxili istehsalın payıdır:
"Əgər dünya bazarında bahalaşma uzun müddət davam edərsə və idxal olunan buğdanın qiyməti yüksələrsə, bu, yerli un istehsalının maya dəyərini artıra bilər.
Eyni zamanda Qara dənizdə gəmiçiliyin məhdudlaşması nəqliyyat və sığorta xərclərini də yüksəldə bilər. Belə olan halda bahalaşma yalnız buğdanın öz qiymətindən deyil, logistika xərclərindən də qaynaqlanar".
O bildirib ki, qısamüddətli qiymət artımının Azərbaycan bazarında dərhal çörəyin qiymətinə keçməsi mütləq deyil:
"Əgər daxili ehtiyatlar kifayət qədərdirsə, alternativ idxal mənbələri mövcuddursa və dövlətin bazarda tənzimləyici mexanizmləri işləyirsə, xarici bazardakı şokun təsiri müəyyən müddət ərzində yumşaldıla bilər.
Digər tərəfdən, vəziyyət uzun müddət davam edərsə, risk artır. Bu halda unun maya dəyərinin yüksəlməsi əvvəlcə unun topdansatış qiymətinə, daha sonra isə makaron, bulka, şirniyyat və digər un məmulatlarının qiymətlərinə təsir göstərə bilər.
Çörəkdə isə təsirin miqyası bazardakı rəqabətdən və dövlətin tətbiq etdiyi qiymət və subsidiya mexanizmlərindən də asılı olacaq". O vurğulayıb ki, buğda bahalaşsa da, çörəyin qiyməti hələ risk altında deyil:
"Ona görə hazırkı vəziyyətə əsasən “buğda bahalaşdı, deməli çörək mütləq bahalaşacaq” demək düzgün olmaz. Əsas risk Qara dənizdəki problemin müvəqqəti deyil, uzunmüddətli xarakter almasıdır.
Münaqişənin gərginliyi davam edər, ixrac imkanları məhdudlaşar və dünya bazarında buğdanın qiyməti yüksək səviyyədə qalarsa, bunun Azərbaycanda un və un məmulatlarının maya dəyərinə təzyiq yaratması daha real görünür".

















