Bərdə şəhəri, Gəncə küçəsi ev 24-də yaşayan Şakir İsmayılov bildirib ki, bacısı – 1983-cü ildə ayaqlarında yaranmış sümük iflici və boşluğu xəstəliyindən əziyyət çəkən Fəridə İsmayılovaya 1-ci qrup ömürlük əlillik təyin edilib.
"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, bacısı dəfələrlə ağır əməliyyatlar keçirib və 2017-ci ildə yenidən əyani müayinəyə çağırıldıqdan sonra əlillik statusu bir daha 1-ci qrup kimi təsdiqlənib.
Lakin şikayətçi vurğulayır ki, 2025-ci ilin mart ayında heç bir müayinə aparılmadan 1-ci qrup əlillik ləğv edilərək, 3-cü qrup təyin olunub. Şakir İsmayılov əlavə edib ki, məsələ ilə bağlı onlar Bakıda fəaliyyət göstərən əlillərin bərpa mərkəzinə müraciət etsələr də, mərkəzdən “biz bu işə baxmırıq” cavabı alıblar.
O, "DİA-AZ" vasitəsilə ölkə Prezidentinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək bacısının əlillik məsələsinin ədalətli şəkildə araşdırılmasını və onlara kömək göstərilməsini xahiş edir.