[b] Şirvanda yaşıllıqların məqsədli şəkildə məhv olunaraq yerində obyektlərin inşa edilməsi artıq sistemli hal almaqdadır. Şəhərində yaşıllıqlar bir-birinin ardınca məhv edilir. Kəsilən hər ağacın yerində ya obyekt tikilir, ya da yollar salınır. İctimai maraqlara zidd olan bu proses sanki şəhər rəhbərliyi tərəfindən görməzdən gəlinir. Halbuki istənilən adi vətəndaş həyətində bir ağacı budayarkən belə inzibati cəza ilə üzləşir. Bəs necə olur ki, şəhərin mərkəzində, göz önündə yaşıl zolaqlar yox edilir, amma cavab verən yoxdur? "DogruXeber.az" xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən irəlilədikcə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı müşahidə olunub. Rayon sakinlərinin szlərinə görə, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”, bu işlər onun göstərişi və tapşırığı ilə aparılır. Sakinlər bildirir ki, kəsilmiş ağacların yeri betonlanıb. Bunu da heç bir rayon sakini özbaşına edə bilməz. Xüsusilə də rayonun mərkəzində. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır. O, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması da məlumdur. Ən təəccüblüsü isə odur ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi – xüsusilə də icra başçısı İlqar Abbasovun diqqətindən yayınıb. Maraqlıdır, doğrudanmı bu proseslər onun razılığı və ya xəbəri olmadan baş verib? Halbuki rayonda bir vətəndaş həyətində ağac budamaq və ya daşı-daş üstünə qoymaq istəsə, dərhal inzibati reaksiya ilə qarşılaşır. İndi isə şəhərin mərkəzində yaşıllıqlar kəsilir, kötükləri betonlanır, lakin icra hakimiyyəti susur. Deməli, adi vətəndaşın həyətində olanları izləyən gözlər, yaşıllığın ortasında baş verənləri “görmür”. Mövzu ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Yazı hazır olduğu halda, açıqlama gəlmədiyi üçün bir müddət gözlədik. Lakin artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, İcra Hakimiyyəti ünvanladığımız sorğuya cavab verməyib. Görünür, ya bu məsələ onları maraqlandırmır, ya da ümumiyyətlə vətəndaş və media sorğuları cavablandırılmır. Qeyd edək ki, yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. /Tribunainfo.az [/b]