Bakıda sümüksüz mal əti və quzu ətinin qiyməti artıb. Qəssabların sözlərinə görə, qiymət artımı son bir ayda baş verib. Alıcılara çəkisi az olan quzu ətləri kiloqramı 25-26 manatdan təklif olunur.
Bəs hazırda ət qiymətlərinin bahalaşması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki,hazırda sümüksüz mal və quzu ətinin bahalaşmasının əsas səbəbləri mövsümi və iqtisadi amillərlə bağlıdır:
"Yay aylarında otlaq sahələrinin məhsuldarlığının azalması və yem xərclərinin artması heyvandarlığın maya dəyərini yüksəldir. Bununla yanaşı, yanacaq, nəqliyyat və əmək xərclərindəki artım da ətin satış qiymətinə təsir göstərir. Digər mühüm amil bazarda təklifin azalmasıdır. Son dövrlərdə kəsimə yararlı heyvanların sayının nisbətən azalması, eyni zamanda tələbatın sabit qalması və ya artması qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə çəkisi az və keyfiyyətli quzu ətinə tələbat daha yüksək olduğundan bu məhsulun qiyməti daha sürətlə artır".
Müsahibimiz gedişatın necə ola biləcəyini də dəyərləndirdi:
"Əgər yaxın aylarda yem bazarında və heyvandarlıq xərclərində ciddi ucuzlaşma baş verməzsə, ət qiymətlərinin yüksək səviyyədə qalacağı, hətta müəyyən qədər də arta biləcəyi istisna edilmir. Buna baxmayaraq, bazara yeni heyvanların çıxarılması ilə təklif artarsa, qiymətlərdə nisbi sabitləşmə müşahidə oluna bilər".


















