Tiktoker, keçmiş döyüşçü Çevik Bağırlının həbsi Azərbaycanın addım-addım "mini Türkiyə" modelinə yaxınlaşdığını göstərir. Çevik "idealım Altaydan Tunaya qədər vətən" deyən, təkcə sözdə yox, əməldə də vətənə xidmət etmiş bir gəncdir.
Bir neçə debatına baxmışam. Açığı, üslubu, xüsusən də yaşlı adamlarla danışıq tərzi xoşuma gəlməyib. Müharibənin psixoloji vəziyyətinə təsir göstərdiyi ehtimalını nəzərə alsaq, əslində, bunu anlamaq olar.
Çevikin başqa maarifçilərdən üstünlüyü öz fikirlərini sadə insanlara, sadə dildə çatdırmasıdır. Biz düşüncələrimizi kitablarla, məqalələrlə, uzağı Facebook statusları ilə məhdudlaşdırırıq. Çevik qardaşımız isə anlayıb ki, Tik-Tokda yaşayan əhali kitab ağzı açmır, sayta girib məqalə oxumur. Ona görə də geniş kütlələrə xitab etmək üçün onların yaşadığı məkana daxil olmaq lazımdı.
Mən qaynarinfo.az saytında fəlsəfə tarixinin ən mübahisəli mövzularına dair bir neçə məqalə yazmışam. Böyük ehtimalla, onları oxuyanların sayı iki min nəfəri keçməyib. Həmin oxucular zatən, fəlsəfə və elmə maraq göstərən insanlardır. Sonradan mənə aydın oldu ki, kitabxanalar, saytlar, hətta Facebook platforması belə maarifçilik üçün uğurlu məkan deyil. Əsas məsələ ömründə fəlsəfə kitabı vərəqləməyən adamın telefonunun ekranında peyda olmaqdır. Çevik bunu bacardı.
Onun metodu müəyyən mənada Mirzə Cəlilin mücadiləsini xatırladır. Mirzə Cəlil 1900-cü ilin azərbaycanlıları üçün həmkarı Əli bəy Hüseynzadənin dilində yazsaydı, onu 3-5 nəfərdən başqa heç kim anlamayacaqdı.
Çevikin dini çevrələrdə yaratdığı narahatlıq məhz, bu səbəbdən qaynaqlanır. Çünki nəhəng çayxananı xatırladan Tik-Tokda geniş auditoriyaya xitab edərək öz fikirlərini yaya bilir. Ən radikal düşüncəni məhdud dairədə səsləndirmək qorxulu deyil, lakin həmin ideya yüz minlərlə insana çatanda bu, məlum qruplar üçün ciddi təhlükəyə çevrilir.
Qısası, Çevikin həbsi vəziyyətin heç də ürəkaçan məcrada getmədiyini göstərir. Demək, xarici qüvvələr tərəfindən idarə olunan dindar şəbəkə, bu ölkədə hüquq-mühafizə orqanlarına təsir edəcək dərəcədə güclənib. Yazının əvvəlində Türkiyəyə çevriləcəyimizi yazmışam. Yaxşı xəbər deyil. Türkiyədən sonra da Əfqanıstan gəlir...
Şəlalə Göytürk Niaqara - "DİA-AZ"
















