Rusiya və Ermənistan arasındakı ənənəvi hərbi-siyasi bağlar artıq tədricən qopmaq üzrədir... Kreml rəsmi İrəvanı getdikcə daha çox küncə sıxışdırır və istədiyini almayana qədər də əl çəkmək niyyətində də deyil...
Rusiya-Ermənistan qarşıdurması gərginləşmə istiqamətində inkişaf edir. Son müşahidələr onu göstərir ki, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar müəyyən qədər effektiv olmağa başlayıb. Əslində, Ermənistanın Rusiya ilə 11 milyard dollarlıq ticarət dövriyyəsinin təxminən 7 milyardlıq hissəsinin məhz kənd təsərrüfatı məhsullarının payına düşdüyünü nəzərə aldıqda, bu, o qədər də gözlənilməz deyil. Və bu baxımdan, Ermənistanın olduqca ciddi iqtisadi-ticari kollaps altına düşdüyü qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın üzləşdiyi situasiyada Avropa Birliyinin də birbaşa rolu mövcuddur. Belə ki, Rusiyanın Ermənistana qarşı iqtisadi-ticari embarqoları məhz rəsmi İrəvanın Avropa Birliyinə üzvlük qərarı ilə bağlıdır. Halbuki, Brüsseldən müxtəlif səviyyələrdə Ermənistanın iqtisadi-ticari itkilərinin kompensasiya ediləcəyi vəd olunmuşdu. Hətta Rusiya bazarlarını itirməkdə olan Ermənistanın üzünə Avropa bazarlarının açılacağı bildirmişdi. Və indi aydınlaşır ki, Avropa Birliyi bu istiqamətdə müəyyən addımlar atmış olsa da, Ermənistana verilən vədlərin hamısı yerinə yetirilməyib.
Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın indi Rusiya qarşısında daha da aciz duruma düşməsinin səbəblərini anlamaq o qədər də ciddi çətinlik törətmir. Çünki məhz Rusiya bazarlarının qapadılmasından sonra Ermənistanın kənd təsərrüfatı məhsulları icracında üzləşdiyi böhranlı situasiya baş nazir Nikol Paşinyanı yenidən prezident Vladimir Putinə zəng edib, minnətçi düşmək məcburiyyətində buraxıb. Böyük ehtimalla Kremldə erməni baş nazirin əvvəl-axır Rusiya liderindən xahişə məcbur qalacağına əminlik olub. Və bu səbəbdən də, telefon danışığında erməni baş nazirə yönəlik tələb-şərtlərin konkret məzmun daşıdığı bildirilir.
Məsələ ondadır ki, Kreml təmsilçisi Dmitri Peskov telefon danışığında "erməni xalqının tutmaq istədiyi istiqaməti müəyyən etmək üçün Ermənistanda mümkün qədər tez bir zamanda referendumun keçirilməsinin zəruriliyinin vurğulandığı"nı bildirib. Yəni, Kreml rəsmi İrəvandan Ermənistanın Avropa Birliyinə üzvlük mövzusunda ümumxalq referendumunun keçirilməsini tələb edir. Əks halda, rəsmi İrəvanı daha ağır təzyiq təhlükəsi ilə hədələyir. Və rəsmi İrəvanın artıq Kremlin bu təzyiqləri qarşısında duruş gətirməkdə açıq-aşkar çətinlik çəkdiyi də müşahidə edilir.
Maraqlıdır ki, Kreml təmsilçisi Dmitri Peskovun sözlərinə görə, prezident Vladimir Putin baş nazir Nikol Paşinyana Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı qəbul etdikləri ortaq qərara sadiqliyini açıq mətnlə təsdiqləyib. Bu isə o deməkdir ki, Rusiya lideri erməni baş baş naziri məhz Ermənistanın bu ilin sonunda Avrasiya İqtisadi İttifaqından qovula biləcəyi ilə təhdid edir. Və bu, baş verərsə, indiki situasiyada Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbələr vura biləcəyi isə qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, Kreml rəsmi İrəvanı Rusiyanın iqtisadi-ticari sanksiyalarının dayandırılması üçün ilk növbədə Ermənistanın Avropa Birliyinə yönəlməklə, Avrasiya İqtisadi İttifaqında qalması arasında referendum yolu ilə prinsipial seçimə mıəcbur etmək istəyir. Üstəlik, erməni nəşrlərinin iddiasına görə, rəsmi İrəvan Kremlin təzyiqləri qarşısında artıq tədricən geri çəkilməyə başlayıb. Belə ki, həmin iddialarda o da vurğulanır ki, baş nazir Nikol Paşinyan prezident Putinə Ermənistanın Avropa Birliyinə üzvlük məsələsini ilə bağlı referendumun keçirilə biləcəyini vəd edib.
Digər tərəfdən, o da məlum olub ki, erməni baş nazir Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin iki ölkə arasındakı hüquqi bazaya, eləcə də, Avrasiya İqtisadi İttifaqının prinsiplərinə zidd olduğunu vurğulayıb və prezident Vladimir Putindən mövcud problemlərin həllini də xahiş edib. Ancaq belə ehtimallar da mövcuddur ki, Kreml rəsmi İrəvandan istədiyini tam şəkildə almadan, Rusiya bazarlarını Ermənistanın üzünə açmaq niyyətində deyil. Və bu isə o deməkdir ki, Avropa Birliyinin verdiyi vədləri icra etmədiyi təqdirdə, rəsmi İrəvan Rusiyanın tələblərini yerinə yetirmək məcburiyyətində qala bilər.
Ancaq Ermənistanın Rusiya ilə kəskin ziddiyyətlərdən qaynaqlanan böhranlı problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Kreml rəsmi İrəvandan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyü ilə bağlı da prinsipial qərar verilməsini tələb edir. Belə ki, Kreml rəsmi İrəvana “Ermənistan ya KTMT-dan çıxmalıdır, ya da bu hərbi-siyasi alyansda fəaliyyətini tam şəkildə bərpa etməlidir” mesajını verib. Və bu baxımdan, Ermənistanın “fəaliyyətini dondurmuş KTMT üzvü” statusunu uzun müddət qoruya biləcəyi artıq qətiyyən inandırıcı görünmür.
Məsələ ondadır ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova növbəti dəfə “KTMT böhranı” ilə bağlı Paşinyan hakimiyyətini sərt şəkildə qınayıb. Onun fikrincə, rəsmi İrəvanın, vaxtilə “Gəlin, KTMT mexanizmini işə salaq” mesajlarının reallaşmamasını hələ də bu quruma qarşı ittiham bəhanəsi kimi istifadə etməsi tamamilə absurddur. Mariya Zaxarova vurğulayıb ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”ı nə Ermənistan ərazisi, nə də “müstəqil dövlət” kimi tanımamaışdı. Və ona görə də, belə şəraitdə Ermənistana hərbi dəstək üçün KTMT mexanizmini işə salmaq qətiyyən mümkün deyildi.
Göründüyü kimi, Rusiya və Ermənistan arasındakı ənənəvi hərbi-siyasi bağlar artıq tədricən qopmaq üzrədir. Kreml rəsmi İrəvanı getdikcə daha çox küncə sıxışdırır və istədiyini almayana qədər də əl çəkmək niyyətində deyil. Rusiya açıq şəkildə anlatmağa çalışır ki, rəsmi İrəvan Qərbə yaxınlaşma siyasi kursuna davam edərsə, bu, Ermənistana çox baha başa gələcək. Yəni, Kreml Ermənistana qarşı daha sərt addımlar atmaq üçün rəsmi İrəvanın bundan sonra verəcəyi siyasi qərarları gözləyir. Və bu, o deməkdir ki, Avropa Birliyinin öz vədlərindən yayındığı bir şəraitdə Ermənistan üçün daha ağır mərhələ hələ irəlidədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”












