Müğənni Şəhriyar Məhərrəmov Çevikin (Məqsəd Bağırov) həbsi və dini etiqad azadlığı ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, sənətçi bildirib ki, Çevikin həbsi onun daha geniş auditoriya tərəfindən tanınmasına səbəb olub.
Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında Çeviklə bağlı videolar geniş şəkildə paylaşılır və bu, onun qısa müddətdə ölkənin ən çox müzakirə olunan şəxslərindən birinə çevrilməsinə gətirib çıxarıb.
Şəhriyar Məhərrəmov paylaşımında Türkiyəli geoloq və elm adamı Celal Şengör ilə bloger Diamond Temanı da nümunə göstərərək, ateizm mövzusunda fikirlərini ifadə edən şəxslərin cəzalandırılmasının doğru olmadığını qeyd edib.
Müğənni daha sonra Azərbaycan Respublikası Konstitusiyasına istinad edərək bildirib ki, hər kəsin istər təkbaşına, istərsə də başqaları ilə birlikdə hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.
Şəhriyar Məhərrəmovun fikrincə, dini inanclara sahib olan şəxslərlə ateistlərin hüquqları bərabərdir və hər iki tərəf öz mövqeyini sərbəst ifadə edə bilməlidir.











