Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin gələcək taleyi ətrafında müzakirələr davam edir. Xüsusilə İrəvanın Bakının əsas tələblərinə necə yanaşacağı və konstitusiyaya dəyişiklik edib-etməyəcəyi diqqət mərkəzindədir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakının əsas tələblərini yerinə yetirəcəkmi? Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində addım atılacaqmı? Əks halda, Bakının İrəvanı sülhə məcbur etmək üçün hansı siyasi və ya digər təsir mexanizmləri var?
Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsinin paraflanması tərəflərin üzərinə müəyyən öhdəliklər qoyub:
“Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi də bu öhdəliklərdən biridir. Buna görə də İrəvan sülh müqaviləsinin imzalanması üçün prosesi sürətləndirməlidir. Böyük ehtimalla bu, yeni konstitusiyanın qəbulu ilə həyata keçirilə bilər. Hazırda ən real variant belədir. Çünki Paşinyanın konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə kifayət qədər səsi yoxdur. Yeni konstitusiyanın qəbulu isə bu imkanı yaradacaq”.
Politoloq bildirib ki, Paşinyan və komandasının Azərbaycanın tələblərini yerinə yetirməkdə qətiyyətli olduğu görünür:
“Onun İsrail parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına verdiyi reaksiya da bunu göstərir. Azərbaycanın sülhə məcburetmə mexanizmləri əsasən diplomatik, siyasi və iqtisadi vasitələrdən ibarət ola bilər. Hesab edirəm ki, bu prosesdə daha çox diplomatik təzyiq vasitələrindən istifadə olunacaq. Paralel olaraq, bölgədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi təzyiq mexanizmlərindən daha effektiv nəticə verə bilər”.






