"Hökumətin kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair hazırladığı qanunvericilik Azərbaycanda 90-cı illərdə həyata keçirilmiş torpaq islahatının uğursuzluğunun etirafı olmaqla yanaşı, yaxın gələcəkdə rayonlarda vətəndaşlar arasında böyük qarşıdurmaların əsasını qoyur..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında iqtisadçı ekspert Dünya Sakit qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Elə rayonlar var ki, torpaq bölgüsündə 1-2, hətta yarım hektar torpaq sahəsi düşüb. Yeni qanunvericilik belə adamları böyük sahələri olanların asan yeminə çevirir. Tezliklə rayonlarda böyük torpaq sahibləri ilə kiçik sahəsi olanlar arasında problemlər başlanacaq.
Daha bir məsələ 5 hektar torpağı, 2 oğlu olan ataya öz torpağını oğulları arasında bölməyin qadağan olunmasıdır. Bu da ciddi narazılıq mənbələrindən biridir.
Torpaqların konsolidasiyası adlandırırlar, amma yaradılan mexanizm özüylə ciddi narazılıqlar, məhkəmə prosesləri, hüquq pozuntuları gətirəcək..."






