"Konstitusiya Məhkəməsi mühüm və düzgün qərar qəbul edib. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən məbləği 3000 manatdan çox olan borc müqaviləsi yazılı formada bağlanılmalıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Təcrübədə bu müddəa xeyli problem yaradırdı. Məsələn, tutaq ki, mən qonşuma 3500 manat borc vermişəm. Yazılı müqavilə yoxdur. Bu o deməkdirmi ki, müqavilə etibarsızdır və mən qonşuma qarşı iddia qaıdra bilmərəm? Tutaq ki, aramızdakı WhatsApp yazışması pulu ona verdiyimi təsdiq edir. Konstitusiya Məhkəməsinin son qərarına əsasən şahid ifadələri istisna olmaqla hər hansı digər sübut (yazışma, səs yazısı, borclunun etirafı və s.) borcun verilməsini təsdiq edirsə, məhkəmələr iddianı təmin etməlidir. Beləliklə, Mülki Məcəllənin 739.2-ci maddəsindəki yazılı müqavilə tələbi etibarlılıq şərti deyil, sübutetmə şərtidir.
Fürsətdən istifadə edərək, pul vermək və pul almaq üzrə mühüm məsləhət verirəm. Azərbaycanda normal xətşünaslıq ekspertizası yoxdur. Bu yaxınlarda özüm şahidi olmuşam (işin yekun nəticəsi barədə ictimaiyyətə məlumat verəcəyəm). O mənada ki, ciddi və detallı ekspertiza aparılmır. Səthi bir şeydir. Ekspert ona sərf etdiyi istənilən nəticəni yaza bilər: saxta imzanı həqiqi, həqiqi imzanı saxta elan edə bilər.
Buna görə də xətşünaslıq ekspertinin özbaşınalığından asılı olmaq istəmirsinizsə, borc müqaviləsi və pulun verilməsi üzrə digər müqavilədə mütləq nəzərdə tutun ki, pulun verilməsi və alınması sadəcə tərəflərin imzası ilə təsdiq oluna bilməz və əlavə sübutlar lazımdır: məsələn, audio və ya videoçəkiliş. Ən yaxşısı isə nəzərdə tutun ki, pul yalnız bank köçürməsi yolu ilə verilə bilər və digər yolla verilmiş pula dair hər hansı yazılı sübut yolverilməzdir..."








