Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə bəzi siyasi ekspertlər və politoloqlar seçkilərdən sonra ölkədə ciddi qarşıdurmaların, hətta küçə toqquşmalarının, bəziləri isə vətəndaş müharibəsinin baş verə biləcəyini iddia edirlər. Bu proqnozlarda ən çox vurğulanan məqamlardan biri də Rusiya faktorudur.
Təhsil eksperti, sabiq millət vəkili Etibar Əliyev isə Ermənistanda müşahidə etdiyi seçki kampaniyasına əsaslanaraq fərqli qənaət ortaya qoyub.
O hesab edir ki, mövcud şəraitdə Ermənistanda vətəndaş qarşıdurmasına aparacaq sosial-siyasi impuls görünmür.
Etibar Əliyev qeyd edir ki, Qərbi Azərbaycanda orta məktəbdə təhsil aldığı dövrdə erməni dilini öyrənib və bu səbəbdən Ermənistanın daxili siyasi proseslərini, xüsusilə də seçki kampaniyasını birbaşa ermənidilli mənbələrdən izləmək imkanı əldə edib.
Onun qənaətinə görə, bu gün Ermənistanda insanları vətəndaş müharibəsinə sürükləyə biləcək psixoloji və siyasi mühit mövcud deyil. Ekspert hesab edir ki, müharibə tərəfdarı olan ekstremist qüvvələrin mühüm hissəsi artıq siyasi səhnədən çəkilib, qalanları isə ciddi fəallıq nümayiş etdirmir.
Etibar Əliyevin müşahidələrinə görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın seçki görüşlərində də optimizm hiss olunmur. O bildirir ki, Köçəryanın çıxışlarında və davranışlarında məğlubiyyət psixologiyası açıq görünür və əhali arasında ona ciddi dəstək müşahidə edilmir.
Sabiq deputat hesab edir ki, erməni cəmiyyəti son illərdə yaşadığı ağır məğlubiyyətlərdən sonra sülh ideyasını qəbul etməyə məcbur olub. Bu istiqamətdə cəmiyyətdə müəyyən adaptasiya prosesi gedir və əvvəlki radikal yanaşmalar əvvəlki təsir gücünü itirib.
Etibar Əliyev Robert Köçəryanın siyasi fəaliyyətini dəyərləndirərkən qeyd edir ki, onun siyasi təfəkküründə Qarabağ amili hələ də qalmaqdadır. Müəllif məşhur alman filosofu Hegelin fikrinə istinad edərək bildirir ki, Köçəryanın şüuru keçmişin siyasi yükündən və uğursuzluqlarından xilas ola bilməyib. Onun fikrincə, qarşıdan gələn seçkilər Köçəryanın siyasi karyerasında son mərhələlərdən birinə çevrilə bilər.
Ekspert Rusiyanın Ermənistanda daxili qarşıdurma yaratmaq imkanlarını da yüksək qiymətləndirmir. Onun qənaətinə görə, hazırkı proseslərin səbəb-nəticə əlaqələri kifayət qədər aydındır və ölkə daxilində genişmiqyaslı destabilizasiya üçün əlverişli sosial baza görünmür.
Etibar Əliyev Ermənistanın gənc nəslinin də siyasi proseslərə əvvəlki dövrlərlə müqayisədə daha az maraq göstərdiyini vurğulayır. Onun fikrincə, Z nəsli siyasi qarşıdurmalardan uzaq dayanmağa üstünlük verir, orta və yaşlı nəsil isə son onilliklərdə yaşanan hadisələrdən müəyyən nəticələr çıxarıb.
Sabiq deputat sosial media və televiziya auditoriyalarını da müqayisə edərək bildirir ki, Robert Köçəryanın izləyici sayı Nikol Paşinyanla müqayisədə dəfələrlə azdır. Bu isə ictimai rəydə qüvvələr nisbətinin hansı istiqamətdə olduğunu göstərən mühüm indikatorlardan biridir.
Etibar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son illərdə aparılan danışıqların regionda yeni siyasi atmosfer yaratdığını da qeyd edir. Onun fikrincə, sülh gündəliyinin irəliləməsi, beynəlxalq təşkilatların bu prosesi müsbət qiymətləndirməsi və aparıcı dövlətlərin dəstək nümayiş etdirməsi regionda qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Musavat.com-un şərhi
Ermənistanda seçki kampaniyası son iki həftədə8 daha da sərtləşsə də, hazırkı mənzərə göstərir ki, Nikol Paşinyanın əleyhdarlarının gözlədiyi miqyasda siyasi dalğa formalaşmayıb. Son aylarda erməni kilsəsi ilə hakimiyyət arasında açıq qarşıdurma, rusiyapərəst siyasi qrupların fəallaşması və Moskvanın müxtəlif kanallar vasitəsilə İrəvana təsir imkanlarını genişləndirməyə çalışması müşahidə olunsa da, bu proseslər hələlik Paşinyanın mövqelərini ciddi şəkildə sarsıda bilməyib.
Əksinə, seçki kampaniyasının gedişi göstərir ki, müxalif düşərgə vahid siyasi mərkəz ətrafında birləşməkdə çətinlik çəkir. Robert Köçəryan, Samvel Karapetyan və digər rusiyameyilli qüvvələr hakimiyyətə qarşı vahid strategiya ortaya qoya bilmirlər.
Moskvanın Ermənistanda təsir imkanlarının tam itirildiyini söyləmək mümkün deyil. Əksinə, seçkilər ərəfəsində Rusiya amili əvvəlki dövrlərlə müqayisədə daha qabarıq görünür. Lakin mövcud reallıq göstərir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi yeni hərbi avantüralara və daxili qarşıdurmalara maraq göstərmir.
Bu səbəbdən seçkilərədək siyasi ritorikanın sərtləşməsi mümkün olsa da, Ermənistanın vətəndaş müharibəsi və ya genişmiqyaslı daxili toqquşmalar mərhələsinə keçməsi ehtimalı hazırda yüksək görünmür. Əsas mübarizə küçələrdə deyil, seçki qutuları ətrafında gedəcək və Ermənistanın gələcək siyasi kursunu da məhz bu seçkinin nəticələri müəyyənləşdirəcək.
Musavat.com









