Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır. İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 169,3 milyon manatı (1 il əvvələ nisbətən 4,1 % az) qısamüddətli, 19 milyard 168,1 milyon manatı (4,7 % çox) isə uzunmüddətli olub.
Depozitlərin azalma səbəbi faizlərin azlığı, yoxsa vətəndaşlarda vəsaitin olmaması ilə bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, depozit portfeli yalnız vətəndaşların əmanətləri deyil, ümumiyyətlə, banklardakı müştəri pullarıdır:
“Bu, vətəndaşlarla yanaşı, sahibkarların, şirkətlərin, hətta bankların, yaxud bank olmayan kredit təşkilatlarının bir-birində saxladığı pullardır. Əmanət onun bir hissəsidir. Azərbaycan banklarındakı 41 milyard 337,5 milyon manatın 17 milyard 600 milyonu vətəndaşların əmanətləridir.
Qalan pullar isə depozitdir, yəni sahibkarların pullarıdır. Onların da bir hissəsi banklarda zorla saxlanılır. Bir neçə ildir qəbul olunan qanuna görə, şirkətlərin bir hissəsi ayda 15 min, digərləri 30 min manat nağd ödəniş edə bilməz.
Belə tətbiq edirlər ki, bankdan pul da çıxara bilməz. Bu qanunu əslində düzgün tətbiq etmirlər və imkan vermirlər. Yəni zorla sahibkarların pulunu banklarda saxlayırlar”.
Ekspert deyir ki, vətəndaşlara gəldikdə isə əslində bank əmanətləri artıb:
“Bu ilin əvvəlinə 17 milyard manata yaxın idisə, artqı 17. 600 mindən çoxdur. Vətəndaşların əmanətləri ona görə artıb ki, pullarını qoymağa başqa yer yoxdur. Əmanət qoyan yalnız Azərbaycan vətəndaşları deyil, xarici vətəndaşların da pulları var.
Bəlkə də öz adlarına deyil, kimlərinsə adına qoyurlar. Onlar, həmçinin Rusiya, Gürcüstanda yaşayan azərbaycanlılardır. Xaricilər ona görə bizim banka qoyur ki, bankda faizlər yüksəkdir, milli valyutada 11-12 faizdir. Gəlib burada qoyub, qazanırlar.
Depozitdə azalma isə vətəndaşların əmanətləri deyil, biznesin pulunun azalmasıdır. Bu da onunla bağlıdır ki, iqtisadi aktivlik zəifləyir, sahibkarların pulu getdikdə azalır. Banklarda da pul azalır və bu proses davam edəcək”.









