Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği artıq 600 milyon manatı ötüb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə müddəti keçmiş kreditlərin həcmi son bir il ərzində 28.7 faiz artıb. Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93.8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Bir ildə bu rəqəm kifayət qədər çoxdur bəs buna əsas səbəb nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, vaxtı keçmiş kreditlərin bir ildə 28.7 faiz artması təkcə əhalinin maddi vəziyyətinin zəifləməsi ilə izah edilə bilməz:
“Burada bir neçə faktor eyni vaxtda işləyir. İnflyasiyanın alıcılıq gücünü aşındırması, manatın effektıv məzənnəsindəki dəyişkənlik, kommunal xərclərin və ərzaq qiymətlərinin artması - bunların hamısı birlikdə insanların kredit öhdəliklərini yerinə yetirmə qabiliyyətini zəiflədir.
Eyni zamanda, bankların son illərdə kreditləşməni genişləndirməsi, yəni daha az ödəmə qabiliyyəti olan borcalanlara da kredit verilməsi bu rəqəmin artmasına zəmin yaradıb. Deməli, problem həm sosial, həm makroiqtisadi, həm də bank siyasəti ilə bağlıdır.
Problemli kreditlərin 600 milyon manatı keçməsi bank sektoru üçün ciddi siqnaldır, lakin dərhal sistem böhranı demək deyil. Əsas risk odur ki, banklar itkilərini örtmək üçün ehtiyat fondlarını artırmalı olur, bu da onların kreditləşmə imkanlarını daraldır”.
O qeyd edb ki, b vəziyyətin gələcəkdə kredit faizlərinə təsiri qaçılmazdır:
“Banklar artan riski yeni borcalanlara yüksək faiz şəklində ötürəcək. Nəticədə onsuz da bahalı olan kreditlər daha da əlçatmaz olacaq. Bu, özlüyündə bir mənfi mexanizm yaradır: faizlər artan kimi tələb azalır, iqtisadi aktivlik yavaşıyır, gəlirlər düşür, vaxtı keçmiş kreditlər yenidən artır.
Artımın əsas mühərriki çox güman ki, istehlak kreditləridir. Azərbaycanda istehlak kreditləşməsi son illərdə çox sürətlə böyüdü, insanlar gündəlik xərclərini, məişət texnikasını, hətta tibbi xidmətlərini belə kredit ilə ödəməyə başladı.
Bu, gəlirlərin xərcləri qarşılamadığının birbaşa əlamətidir. Biznes kreditlərindəki problemlər isə daha çox kiçik və orta müəssisələrlə bağlıdır - onlar pandemiya sonrası dövrü tam bərpa edə bilmədən yenidən yüksək xərc mühiti ilə üzləşdi”.
Ekspert qeyd edib ki, ən real izah budur:
“Əhalinin rəsmi gəlirləri nominal artsa da, real alıcılıq gücü baxımından xərclərin arxasınca çata bilmir və bu uçurum kredit ödənişlərində özünü göstərir”.








