Lent.az-ın müsahibi iqtisadçı Fərhad Pərvizidir.
- Gənclər biznes axtarışındadılar. Amma elə bil ki, buna bir az dayaz yanaşırıq. "Altı moyka, üstü çayxana" təfəkküründən niyə çıxa bilmirik?
- Nobel mükafatçısı Daniel Kaneman deyir ki, insanlar statistik rəqəmləri intuitiv olaraq qavraya bilmir. Biz də ona görə, öz təcrübələrimizə əsaslanırıq. Bu təcrübələr də əsasən, yanlış olur. Bunun üçün statistik araşdırma lazımdır ki, gənclərin ən çox hansı biznesi qurmaq istədiklərini öyrənək. Problem ondadır ki, Azərbaycanda sosioloji araşdırmalar mövcud deyil. Heç kim bu araşdırmaları aparmır. Sosial Tədqiqatlar Mərkəzi var, rəhbəri də keçmiş millət vəkilidir. O da səhərdən axşama qədər öz şəkillərini paylaşır. Heç bir sosioloji araşdırma aparmır. Ona görə də, Azərbaycanda əhali - qadın, kişi, uşaq nə düşünür, nə istəyir, bu barədə heç bir araşdırma yoxdur.
\
- Bəs öz müşahidələriniz nə deyir, gənclər nə düşünür biznes planı barədə?
- Hamı düşünür ki, varlanmaq üçün mütləq biznes qurmalısan. Bu, belə deyil. İnsanların 95 faizi heç vaxt biznes qura bilməyəcək. Sahibkar olmaq üçün xüsusi bir istedad, risk iştahası lazımdır. Bu da hər adamda olmur. Buna görə davranışlarınıza baxın. Siz 9-cu sinifdə məktəbdən qaçıb bazarda nəsə alver eləmisiz? Yay vaxtı bağınızın qarşısında limonad düzəldib qonşulara satmısızmı? Əgər belə şeylər olmayıbsa, böyük ehtimal, siz biznesmen ola bilməyəcəksiz. Amma bu o demək deyil ki, varlana bilməzsiniz.
- Bu necə olacaq bəs? Biznessiz varlanmaq?
- İnvestisiyalar etmək olar. Cavanlıqda gəlirin bir hissəsini kənara qoymaq, məsələn. Gündə 5 manat kənara qoysanız, 45-50 ildən sonra o pul 500 min manat olacaq. Elə bilirsiz böyük biznesmenlər 30 yaşlarında milyarder olublar? Xeyr. Əksəriyyəti bunu 40 yaşdan sonra ediblər. Sadəcə bir az çərçivədən kənar düşünmək lazımdır.
- Hazırkı şəraitdə evlənmək, uşaq sahibi olmaq - bunlar sizə nə qədər real görünür?
- Bu gün kimsə 400 manata işləyirsə, bu, onun öz problemidir. Adam 400 manata işləməz. İmkanlar tapmalıdır, 15 saat işləməlidir. 2-3 işdə işləməlidir ki, gəliri heç olmasa 1200 manata gəlib çıxsın. İşdən sonra gedib kuryerlik et, zibil təmizlə və sair işlər görüb gündəlik 20 manat əlavə qazan. Gənclər arasında bir mif var: gərək cavanlığımı yaşayım. Sənin nə cavanlığın var? Pulun yox, heç nəyin yox. Get 40 yaşında milyonçu ol, onda biləcəksən. Sevdiyin insan yanında olacaq, istədiyin restoranda hesab verə biləcəksən.
- Ailədə iqtisadi bölgü necə yaradılmaldıır ki, yeni evlənən gənc biri bunu idarə edə bilsin?
- Siz əgər statistikaya baxsaz, görəcəksiniz ki, evli kişilər subaylardan daha çox pul qazanır. Evlilik kişi üçün yaxşıdır. Daha çox pul qazanmaq istəyirsinizsə, evlənmək lazımdır.
- Bunu nəyə əsasən deyirsiz?
- Kişiyə motivasiya, məna lazımdır. Ailə bu motivasiyanı verir. Kişinin missiyası israf olmaqdır. O bilməlidir ki, nəsə vacib bir iş üçün israf olunur: Dövləti, vətəni, qadını, övladı üçün. Kişi yaradandır. Dünyada hər şeyi kişilər qadınlar üçün tikib ki, onların uşağını daha yaxşı şəraitdə dünayay gətirə bilsin. Bu məna kişiyə motivasiya verir ki, hər gün durub mamont ovlamağa getsin. Get, qazan, gətir. Ona görə, evlilik kişilər üçün daha yaxşıdır. Bizdə evlilik olmasa, bütün günü kompüterin arxasında oturub oyun oynayacağıq, pornoya baxacağıq və belə mənasız bir həyat yaşayacağıq. Bəli, həyat əziyyətlidir, amma olsun. Uşağınıza paltar alanda bunu xərc kimi qəbul edə bilərsiz, amma mən bunu investisiya kimi başa düşürəm. Və o məni daxildən xoşbəxt edir. Kişi qadınına, uşağına nələrsə alanda daha xoşbəxt olur, nəyinki özünə yeni maşın alanda. Uşaqlar investisiyadır. Siz onlara pul qoyursuz və onlar böyüyüb özləri pul qazanmağa başlayırlar.
- Bu bir az "yəhudi düşüncəsi" anlayışı deyil?
- Demirəm ki, sizin üçün qazanırlar. Əgər ata bir biznes qurubsa, gözləntisi odur ki, onu uşaqlarına ötürəcək.
- Ailə institutu necə formalaşdırılmalıdır?
- Əvvəlki 2000 ilə baxsaq, təhlükəsizlik və resursu kişi təmin edə bilirdi. Qadın isə seks, uşaq və qayğı verə bilirdi. Kişi üçün bu, vacib idi. Müasir dövrdə nə kişiyə, nə qadına bu lazımdır. Müasir dövrdə polis, prokurorluq var - qadının təhlükəsizliyini qoruya bilir, qadın özü pul qazana bilir. Eynilə də kişi seksi, yeməyi rahat şəkildə ala bilir. Ona görə, bu dinamika bitib. Amma Azərbaycanda tam yoxa çıxmayıb. Yeni model sevgi modeli olacaq, yəqin ki. Artıq münasibətlər sevgi üzərindən qurulub. Tərəflərin bir-birinə heç nəyi lazım deyil, sadəcə sevgi üçün ailə qurulur. Bu da ona gətirib çıxaracaq ki, nikahlar 10-15 il davam edəcək. Sevgi bitir və münasibət pozulur, nəticədə yeni partnyor axtarırlar. Çox güman ki, buna gəlib çıxacaq.
Sevgini erotikadan ayırmalıyıq. Eyni şeyi münasibət içində də saxlaya bilməliyik. Düşünürlər ki, yaxşı seks yoxdursa, münasibət yoxdur.
- Bu fikir çox səslənir ki, yaxşı seks münasibətin təməlidir.
- Bir söz var, kişilər pornoya baxmasın, qadınlar roman oxumasın. Qadın hər şeyi çox romantikəşdirir. Kişilər isə seksi həddən arıtq alçaldır. Elə bilirlər, o videolarda baxdıqlarını hər qadına edə bilərlər. Libidonun uyğunluğu çox vacibdir. Eyni dalğada olmalıdır bu. Evlilikdən öncə seksual təcrübənin olmasının qəti əleyhinəyəm. Sesksual istəkləri anlamaq üçün söhbət etmək önəmlidir. Tanınmış bir münasibət psixoanalitiki Ester Perel deyir ki, kişi xəyanətinin böyük bir hissəsi ona görə baş verir ki, o seks zamanı emosialarını söndürmək istəyir. Məsələn, sərt seks istəyir, amma sevdiyi qadına qarşı bunu edə bilmir. Ona görə də gedib hansısa qadına pul ödəyib bunu edir. Sonra bunun üstü açılanda yoldaşı deyir ki, bunu niyə etmisən? Deyir, məsələn, mən sərt seks istəmişəm. Qadın deyir, elə mən də bunu istəmişəm. Münasibətlərdə kommunikasiya problemi var. İnsanlar danışmağı öyrənməlidir.
- İdeal münasibətdə yaş fərqi necə olmalıdır?
- 4-4.5 il olmalıdır. Qadınlar daha tez püxtələşir. 18 yaşlı qadınla 18 yaşlı oğlana eyni tapşırığı versəniz, qadın qalib gələcək. Əgər qadınlar hələ də kişinin daha uğurlu olmasını gözləyəcəksə, bu yaş fərqi 10 yaşa qədər çatmalıdır. 20 yaşlı qadın 30 yaşlı kişi ilə evlənmlidir ki, o təhlükəsizliyi, təmin olunmanı hiss edə bilsin. Çünki qadın kişisinə valeh olmaq istəyir. Qadın 9 ay sənin uşağını daşıyacaq, həmin dövrdə işləməyəcək. O bilməlidir ki, sən onu atıb getməyəcəksən. Bilmirəm, kişilər indi niyə məsuliyyət götürmək istəmir. Düşünürəm ki, anaları ilə bağlıdır. Onlar qurban psixologiyasında yaşayan analar tərəfində böyüdülüb. O analar sevgi görməyiblər və öz oğullarını özlərinə ər kimi böyüdüblər. Çünki öz həyat yoldaşlarından o sevgini almayıblar. O uşaqları da "mamauşağı" kimi böyüdüblər.
- Analar oğullarını daha çox sevirlər kimi bir fikir var. O bununla bağlıdır?
- Əlbəttə. Çünki sevilməyiblər. Qadın emosianal varlıqdır.
- Ailənin olması üçün hansı dəyər vacibdir?
- Birinci ailənin özü dəyər olmaldır. Uşaq dəyər olmaqdan çıxıb. Bu gün prioritet ailə deyil. 16 yaşından uşaqlara deyirdilər ki, ailə qurulmalıdır, onların beyninə yeridilirdi. Amma indi deyirlər ki, əsas karyeradır, 30 yaşdan sonra ailə qurarsan. Ailə elə çətin bir prosesdir ki, çox ağıllandıqca o riskləri görürsən. 30 yaşında insan üçün ailə qurmaq çox qorxuducu gəlir. 20 yaşında bunu hesablaya bilmirsən. Sonra deyirsən, necə çətin idi. Ailə qurub uşaq dünayaya gətirmək üçün bir az da cahil cəsarəti lazımdır.
- İnsan niyə xəyanət edir?
- Orada bioloji tərəf var, bir də psixoloji tərəf var. Azərbaycanda xəyanətlər barədə danışan psixoloqların 99 faizi boş-boş danışırlar. Heç biri elmi araşdırmaya söykənmir. Müasir analitiklər xəyanət meylliliyini genetikaya bağlayırlar. Bunu onunla əsaslanıdrırlar ki, biz çoxlu sekslə məşğul olan kişi və qadınların nəticələri olmuşuq.
- Yəni xəyanət genetikdir?
- Bəli. Xəyanətə meyllilik genetikdir. Amma edib etməmək seçim məsələsidir. Bizim beynimiz 3 hissədən ibarətdir. Reptilor beyini instikntlərimizə, limbik sistem emosialarımıza, neokorteks isə zəkamıza cavab verir. Neokorteksin 100 min yaşı var. Çoxalmaya fokuslanan reptilorun isə 100 milyon ili var. 100 min yaşı olan neokorteksin 100 milyon yaşı olan reptilora bir o qədər də söz keçmir. Bu beyin arasında daim konflikt var. Sən neokorteksi işə sala bilərsən, deyə bilərsən ki, bu sənin bioloji vəhşi tərəfindir. Sən artıq primat deyilsən. Sakitləş. Bunu kim deyə bilirsə, onlarda xəyanət olmur. Qalanları isə biologiyanın qurbanına çevrilir. Vacib dəyərlər artıq yoxdur. Yeni milli ideya yoxdur. Kimsə Qərbə yönəlib, kimisi vəhabiliyə, kimisi feminist olur. Mənəviyyat boşluğu var, ona görə də müxtəlif ideologiyalar o boşluğu doldururlar.
- Feminizmə münasibətiniz necədir?
- Baxır hansı feminizm. Birinci dalğa feministləri qadının vacib rolunu analıqda görürdülər. İstəyirdilər ki, qadının seçim, təhsil hüquqları olsun, əri onu döyməsin. Bunlar fundamental haqlardır. Üçüncü dalğa feministlər isə dedilər ki, qadınlar kişilər kimi istər gəzsinlər, istər yatsınlar, kişilərdən, ümumiyyətlə, yuxarıda olmalıdırlar. Simona de Bouvar deyirdi ki, biz qadınlara evdə qalma, uşağına baxma seçimini verməməliyik. Onlar mütləq gedib işləməlidirlər. Bu, feminizm bizə lazım deyil. Qərbin bizə yürütdüyü propoqandanı yığışdırsaq, tupoy feministlərin ağzını bağlasaq, 10-15 ilə hər şey öz yerinə qayıdacaq. Adəmlə Həvva hekayəsini bilirsiz. Şeytan Adəmə deyə bilmir ki, gəl bu almanı ye. Çünki Adəm məntiqlidir. Amma Həvva emosional olduğuna görə , onu yoldan çıxara bilərsən. Ona görə də, Şeytan gedir Həvvanın yanına, onu yoldan çıxarır. Həvva da o meyvənin dadına baxandan sonra Adəmi yoldan çıxarır. Bütün bu institutlar, gender bərabərliyi adı altında burada, xaricdə, BMT-də oturub solçu institutlar tərəfindən qrantlar alırlar. Onlar həmin o Şeytandılar. Qadınların beyinlərini zəhərləyirlər. Biz kişilər olaraq o bar ağacını kəsməliyik ki, öz qadınlarımızı qoruya bilək. Bəli, ağır olacaq, mənə qarşı çox təhdidlər var. Hüquq-mühafizə orqanlarına məndən şikayət də göndəriblər ki, Fərhad seksizmi yayır. Problemlər varmı? Bəli, var. Guya Avropada, Amerikada 15 yaşlı uşaqlar hamilə qalmır? Azərbaycanda bu barədə Avropadan qat-qat yaxşı işlər görülür. Bizdə söz azadlığı solçuların idarə etdiyi ölkələrdən yaxşıdır. 3-5 nəfər bloger var ki, məni qadın düşməni elan edib. Onlar da xaricdən maliyyələşirlər. Onların bir kütləsi var - yolunu hələ tapmamış xanımlar.








