Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyevin son açıqlamaları gündəmi zəbt edib. O, açıq formada Ermənistan baş naziri Nikol Paşinyanı hədələyib.
Sitat:
“Paşinyan müxtəlif siyasi cərəyanların axınları arasında sıxışmağı, Qərbdə özünə yalançı nüfuz qazanmağı və eyni zamanda ölkəmizlə əlaqələrini riskə atmağı sərfəli hesab edir. O, Rusiya, KTMT və Aİİ ilə münasibətləri birbaşa təhlükə altına alıb, təbii ki, onun hərəkətlərinin nəticələri olacaq. Ermənistan Nazirlər Kabinetinin rəhbəri kimi o, Moskvanın çoxsaylı qardaşlıq yardımı və dəstəyini qiymətləndirmədi, Rusiya ilə münasibətləri kəsməyi seçdi. Onun ölkəsi Aİİ üzvlüyündən ən çox faydalananlardan biridir. Paşinyan KTMT ilə əlaqələrini kəsdi, baxmayaraq ki, Rusiya həmişə tanıdığı sərhədlər daxilində Ermənistanı müdafiə etməyə hazırdır. Ermənistan lideri Aİİ sammitlərində iştirakdan imtina edir və Rusiyanın mənfur düşmənlərini İrəvanda toplayır”.
Şübhəsiz ki, onun bu açıqlaması əslində təkcə İrəvana yox, Ermənistan cəmiyyətinə və regiondakı bütün oyunçulara ünvanlanmış siyasi mesajdır. Xüsusilə seçkilər öncəsi səsləndirilən bu tip bəyanatlar Kremlin Paşinyan hakimiyyətinə təzyiq aləti kimi oxunur. Moskva göstərmək istəyir ki, Ermənistanın Qərbə inteqrasiyası və Rusiyadan uzaqlaşması “cəzasız” qalmayacaq.
Medvedyevin ritorikasında diqqət çəkən əsas məqam “nəticələri olacaq” ifadəsidir. Bu, birbaşa hərbi təhdid olmasa da, Kremlin əlindəki siyasi, iqtisadi və təhlükəsizlik rıçaqlarını xatırlatmaq cəhdidir. Rusiya Ermənistan iqtisadiyyatında, enerji sektorunda və təhlükəsizlik sistemində hələ də ciddi təsir imkanlarına malikdir. KTMT və Aİİ məsələlərinin xüsusi vurğulanması da təsadüfi deyil. Moskva Paşinyanı “Qərbə oynayan, amma Rusiyanın imkanlarından istifadə edən lider” kimi təqdim etməyə çalışır.
Əslində Dmitri Medvedyev bir neçə mesaj verir. Birincisi, Kremlin gözündə Paşinyan artıq etibarlı tərəfdaş deyil. İkincisi, Rusiya Ermənistan daxilində Paşinyana qarşı olan qüvvələrə dolayı dəstək mesajı ötürür. Üçüncüsü, Moskva İrəvanın geosiyasi kursunu dəyişməsini strateji təhlükə hesab etdiyini nümayiş etdirir. Bu baxımdan bəyanatın seçkilər öncəsi səslənməsi təsadüfi görünmür.
Bu təhdidlərin real nəticəsi olacaqmı?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında artıq 8 ildir ki, Kremlin Ermənistanla bağlı siyasətinin tədricən dəyişdiyini qeyd edib:
“Rəsmi Kreml 2018-ci ildən sonra Paşinyanı heç vaxt etibarlı tərəfdaş hesab etməyib. Amma açıq şəkildə rəhbərlik səviyyəsində bunu büruzə verməyib. 2021-ci ilin parlament seçkilərində siyasi vəziyyəti dəyişmək üçün Ermənistan daxilində rusiyameyilli qüvvələrə çox dəstək verməyə cəhd etdi. Amma nəticə ala bilmədi. O vaxtdan sonra mərhələli şəkildə Rusiyanın ritorikası tədricən kəskinləşməyə başladı. Çünki 2021-ci il seçkilərindən sonra Ermənistanın Rusiyadan daha da uzaqlaşdığı hiss olunmağa başladı. Amma bu ilin əvvəllərindən iyun ayında olacaq seçkilərlə bağlı Rusiya Ermənistan daxilindəki müxalifətlə daha açıq işləməyə başladı və ümid etdi ki, vəziyyəti dəyişmək imkanı olacaq. Amma son bir ayda ölkədəki vəziyyət, açıq və qapalı keçirilən rəy sorğuları hakimiyyət dəyişikliyinin olmayacağını göstərdi. Bundan sonra Kreml rəsmiləri tərəfindən açıq təhdidlər irəli sürülməyə başladı. Bu istiqamətdə əvvəllər Kremlə yaxın mətbuat, TV-lər, ekspertlər tərəfindən hücumlar olunurdusa, artıq baş nazirin müavini Overçuk, Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedyev daha fəal görünürlər. Günbəgün təhdidlərin dərəcəsi artır. Bu cür artım isə vəziyyətin heç də Rusiyanı qane etmədiyinin göstəricisidir. Əvvəllər bu təhdidlər Ermənistanın iqtisadi cəhətdən sıxışdırılacağı ilə bağlı idi. Əsasən də Avrasiya İqtisadi İttifaqından çıxarılma daha geniş müzakirə olunurdu. Hazırda isə Ermənistanın Rusiyadan aldığı enerji məhsullarının dünya bazarı qiymətinə satıla biləcəyi ilə bağlı da bəyanatlar verilməyə başlanıb.
Medvedyevin Paşinyanla bağlı “Onun hərəkətlərinin nəticələri olacaq” ifadəsini işlətməsi hesab edirəm ki, yalnız iqtisadi münasibətlərin korlanacağı ilə bağlı deyil. Burada həm də ölkədə etirazlar, qarşıdurmalar, hətta çevriliş planlarının ola biləcəyinə işarədir. Hesab edirəm ki, Medvedyevin və digər rəsmilərin söylədiyi fikirlər blef deyil. Onlar istədikləri nəticələri görməsələr, dedikləri və dilə gətirdikləri təhdidləri həyata keçirməyə çalışacaqlar. Amma buna nail ola biləcəklərmi? Yaxud istədikləri nəticəni ala biləcəklərmi? Bu, böyük sual altındadır. Əslində düşünürəm ki, heç nə əldə edə bilməyəcəklər. Çünki Ermənistan baş nazirinin ölkə daxilində və xaricində olan tərəfdarları böyük ehtimalla proseslərin gedişatını hesablayıblar. Hətta seçkidən sonra vəziyyətin necə olmasından asılı olaraq Rusiya kəskin ritorikadan geri çəkilib sonuna qədər Ermənistanla körpüləri yandırmağa getməyə də bilər. Bu ssenari iqtisadi təhlükəsizlik yastığını hələ əldə etməyən Paşinyanı da qane edəcək. Amma hər iki tərəf bu ssenari ilə gedəcəksə, onun da müvəqqəti olacağını yaxşı bilirlər. Situasiyanı birdəfəlik dəyişmək üçün uyğun zamanı gözləyəcəklər”.








