Anlamıram.
Əksər dövlət məmurları niyə Azərbaycan barədə real tarixi ciddi mənbələrdən oxumurlar. Oxuduqları da sırf Cümhuriyyəti gözdən salmağa xidmət edir. Olmaz belə. Bizim tariximizin ən parlaq səhifəsidir Azərbaycan Cümhuriyyəti. Mövzuya yenidən qayıdıram!
Türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olaraq o dövr üçün dünyada mövcud Amerika və Fransadan sonra Azərbaycan idi
Qısa zamanda böyük tarixi işlərə imza atan Cümhuriyyətimizin bizə miras qoyduğu üç rəngli, ay-ulduzlu Bayrağımızdır. Bunlar iddia edirlər ki, guya Azərbaycan bayrağının yaradılması ideyası Cümhuriyyət dövründə Bakının general-qubernatoru olmuş, general-leytenant, Ser Vilyam Montqomery Tomson olub. Bunu iddia edənlər də ortaya nəinki tutarlı fakt qoymurlar, heç Bayrağımızın fəlsəfəsini bilmirlər.
Birinci-niyə ilk bayraq qəbul edilmədi?
Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 21-də qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edib. Lakin dünya Osmanlıların da istifadə etdiyi oxşar bayraqla ikinci dövləti qəbul etmək istəmirdilər. Azərbaycan seçim etməli idi- Antanta dövlətləri tərəfindən tanınmaq yoxsa “Osmanlı intiriqası ilə yaradılan dövlət” kimi qəbul etmək.
Məhz bu səbəb üç rəngli bayrağımıza yol açdı. Bayraq rəsmi olaraq 9 noyabr 1918-ci Fətəli xan Xoyskinin hesabatı əsasında qəbul edilmişdir. Bayrağın ilk rəsmi eskizlərini və formasını hazırlayan şəxslərdən biri tanınmış rəssam Əzim Əzimzadə olmuşdur.
Bunu Tomson yaxud hansısa ingilis, fransız, amerikan etmədi. Azərbaycanın suveren bir dövlət olaraq dünya dövlətləri tərəfindən qəbul edilməsi üçün edildi. Osmanlı dövlətinin yançısı kimi bizi heç bir dövlət tanımayacaq idi.
İkinci, bayrağı Tomson ideyası əsasında yaradıldı?
Üç rəngli bayrağın qəbulu və ideyası müsətqil dövlət olan Cümhiriyyətə məxsus idi, həm də artıq müstəqil hökumətin simvolu idi.1918-ci ilin 4 noyabrında Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xosyki birgə üç rəngli bayraq barədə müzakirə edib qərar verilər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər. Düzdür, ona qədər Osmanlı dövlətinə məxsus sancaq(bayraq) biri yeni qəbul edilən bayrağa çox bənzəyirdi və hazırda Türkiyədə muzeydə saxlanılır. Lakin ideya xətti birbaşa Azərbaycan tarixi ilə bağlı olub.
Bu üç nəfərin istinad etdikləri və tariximizlə birbaşa bağlı olan rənglər idi. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi.
Üçüncü-Tomson niyə ittiham edilir:
Əlbətdə, Britaniya bəzi məsələrdə bizə düzgün yön vermis idi, müstəqil dövlət olan Azərbaycanı dünya tərəfindən qəbul edilməsi üçün. Lakin Azərbaycan bayrağının nə ideya müəllifi, nə də rəngləri Britaniya seçməyib. General Tomson seçməyib. Hətta etiraz edib, ingilislərin şəhərə tam nəzarət etdiyini göstərmək üçün o, rəsmi binalardan, o cümlədən gəmilərdən Azərbaycan bayrağının endirilməsini və yalnız Britaniya bayrağının asılmasını tələb etmişdi. Necə bayraq yaradan bayrağın asılmasına etiraz edə bilərdi?
Lakin 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında binanın üzərində dalğalanan üçrəngli bayrağı rəsmi olaraq salamlamış Cümhuriyyəti Azərbaycanın yeganə qanuni hakimiyyəti kimi tanıdığını bəyan etmişdir. Tomson hökumətlə kompromisə gedərək, sonradan həmin gəmilərdə yenidən Azərbaycan bayrağının dalğalanmasına icazə verdi.
Hətta ingilis zabitləri rəsmi keçidlərdə həmin gəmilərdəki bayrağımızı ehtiramla qarşılayırdılar.
Onlar sadəcə qəbul olunan Bayrağımızın dünyada tanınmasına dəstək veriblər. 1919-cu ildə İngilis qoşunlarının Bakını tərk etməsinin isə səbəbi dövlətimizin müstəqil olması və müstəqil idarə edilməsi idi. Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar.
Mən ingilisləri müdafiə etmirəm, lakin indi ölkəni ingilis şirkətlərinin əllərinə verənlərə öyrətmək istəyirəm ki, anlasınlar. O dövrdə də, bu günün özündə də İngiltərə nəhəng dövlətdir. Onun dəstəyi isə Azərbaycana lazım idi. Yoxsa fars, rus, alman yaxud osmanlı gəlsə idi nə dəyişəcək idi? Biraz loyal olub baxmaq lazımdır bu məsələyə.
Ən azından Azərbaycan hökumətinin başçısı Fətəli Xan general Tomsonla görüşündə olan söhbətin Nağı Keykurin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri” kitabında oxusunlar.
Nəticə olaraq: Tomsonun bayrağımızla əlaqəsi onun beynəlxalq güclər tərəfindən tarixi və hüquqi olaraq qəbul edilməsi prosesidir. Müəlliflik yox.
Müəllif: Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"








