Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.
Bu barədə "DİA-AZ"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentliyin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, kollecinin direktoru vəzifəsinə Vasif Müslümov təyinat alıb.
Ü.Səttarova aprelin 16-da yeni direktoru kollektivə təqdim edib.
O, daha sonra kollecin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb.
Baxış zamanı təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektiv inkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, V.Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.











