Son günlər Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının 1 manata qaldırılacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Vətəndaşlar belə bir qərarın gündəlik xərclərə birbaşa təsir edəcəyini, xüsusən də aztəminatlı ailələrin büdcəsini daha da çətinləşdirəcəyini bildirirlər. Rəsmi qurumlardan isə məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Referans-a açıqlamasında Azərbaycanda ictimai nəqliyyatda olan böyük problemlərdən danışıb.
“İctimai nəqliyyatda qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir, amma bununla belə biz ictimai nəqiyyatla bağlı bir sıra təkliflərimizi artıq təklif etmişik. Bunlar bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi fərqli kartların təqdim edilməsi, məsafədən asılı olaraq qiymətin hesablanması, gündəlik, həftəlik, aylıq kartların tətbiqidir. İctimai nəqiyyatdan istifadə edən vətəndaşlar bu təkliflər sayəsində daha uyğun formada bu nəqliyyat növündən istifadə edə bilərlər. Eyni zamanda biz təklif edirik ki, xüsusən, inkişaf etmiş ölkələrdə olduğu kimi həssas qruplara güzəştlər tətbiq olunsun. Bizim təkliflərimiz sırasında həm tələbələr, həm də təqaüdçülərlə bağlıdır. Təklif edirik ki həmin vətəndaşlar ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edə bilsinlər. Onlar üçün normal tariflə müqayisədə daha aşağı tariflər tətbiq olunsun. Çünki demək olar ki, dünyanın əksər ölkələrində tələbələr və təqaüdçülərə belə güzəştlər var”.
İqtisadçı-ekspert Xalid Kərimli isə bu informasiyanın real olma ehtimalını iqtisadi baxımdan dəyərləndirib.
“Güman etmirəm ki, birdən-birə bu qədər bahalaşma ola bilər. Əslində, bir il olar ki, ictimai nəqliyyatda qiymət artımı baş verdi. Bu qədər qısa bir müddətdə, özü də iki qat artım mümkün olmamalıdır. Buna səbəb də yoxdur. Sonuncu artımdan bu yana nə benzinin, nə də dizelin qiyməti dəyişib. Eləcə də avtobus daşıyıcılarının xərcləri iki dəfə artmayıb ki, tarifləri də artırmağa ehtiyac olsun. Artım olsa belə bu qədər artımın olması ağılabatan deyil”.
Ekspert Azərbaycanın ictimai nəqliyyat sistemində ciddi problemlərin olduğunu deyib. Elə indiki qiymətlər də əhalinin büdcəsinə uyğun deyil, buna baxmayaraq, keyfiyyətin artırılması adı altında qiymətlər də günü-gündən artırılır.
“İctimai nəqliyyatın vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımlar atmaq olar. Loyal müştərilərin həvəsləndirilməsi bu addımlardan biri ola bilər. Məsələn, Avropa ölkələrində də müəyyən şəhərlərdə “nəqliyyat kartları” olur. Vətəndaşlar müəyyən məbləğ ödəməklə davamlı şəkildə ictimai nəqliyyatın bütün növlərindən istifadə etmək imkanı qazanır. Bu da tətbiq oluna bilər. Bizim nəqliyyat sisteminin əsas problemlərindən biri də ictimai nəqliyyatın bütün növlərinin bir-birində ayrı formada fəaliyyət göstərməsidir. Buna görə də vahid nəqliyyat kartlarının formalaşdırılması da qeyri-mümkün olaraq qalır. Əgər ictimai nəqliyyatın vahid mərkəzdən idarəsi baş tutsa, vahid kartlar tətbiq olunsa, bu zaman fərqli qruplara da (tələbələr, təqaüdçülər və s.) müəyyən güzəştlər edilə bilər.
İkinci bir məsələ isə ictimai nəqliyyatda məsafəyə görə qiymətlərin müəyyən olunmasıdır. Məsələn, bir stansiya, bir dayanacaq gedən də 50 qəpik ödəniş edir. Məsafəyə görə qiymətlərin təyin edilməsi də vətəndaşların maraqlarına uyğun ola bilər”.