“Qafqaz tarixən İran üçün strateji təhlükəsizlik buferi kimi fəaliyyət göstərib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında yazıb.
İranın Ali Rəhbərinin baş müşaviri qeyd edib ki, Qafqaz bu rolu Əhəmənilərin fars padşahı Böyük Kirin dövründən oynayıb.
O, həmçinin vurğulayıb ki, yunan tarixçisi və coğrafiyaçısı Herodotun əsərlərinə görə, Kir İranı “köçəri tayfaların” basqınlarından qorumaq üçün Qafqaz regionunda istehkamlar tikib və bununla da bölgənin müdafiə sərhədi kimi qalıcı rolunu möhkəmləndirib.
Məlumat üçün bildirək ki, Vilayəti avqustun 9-da “Tasnim” agentliyinə verdiyi müsahibədə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ideyasını rədd edərək, dəhliz planının həyata keçirilməsinin Cənubi Qafqazın təhlükəsizliyini təhlükə altına atacağı barədə xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, İran Moskvanın Tehrana qoşulub-qoşulmamasından asılı olmayaraq Qafqaz regionunda Amerika dəhlizinin yaradılmasına qarşı çıxacaq.