Bakı-Moskva münasibətlərində gərginliklə bağlı Xankəndidə keçirilən media forumda jurnalistin sualına Prezident İlham Əliyevin cavabında bir neçə xüsusi məqam diqqət çəkdi. Əvvəla, Prezidentin mövqeyi bir daha göstərdi ki, Azərbaycan Rusiya ilə bağlı məlum təyyarə olayından keçən 7 ayda heç bir geri addım atmayıb. Baxmayaraq ki, bu 7 ayda rəsmi Bakıya mövqeyini yumşaltmaq üçün təzyiqlər var. Prezident bir daha Aktau hava limanı yaxınlığında AZAL-a məxsus “Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmadığını dedi.
“Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur: nə üçün onlar, sadəcə, hər hansı bir qonşunun edəcəyi addımı atmırlar? Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanın baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a - itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”, - Prezident İlham Əliyev bildirib.
Prezident Rusiya İstintaq Komitəsinin Azərbaycan tərəfinin bütün məktublarına “istintaq davam edir” cavabını verdiyini yada salıb: “Biz onun başa çatmasını gözləyəcəyik, amma hesab edirəm ki, belə davranış əks-məhsuldardır. Bu, bizim unutmağımıza səbəb olmayacaq. Biz unutmayacağıq. Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Biz on il gözləməyə hazırıq, amma ədalət zəfər çalmalıdır. Və təəssüf ki, qeyri-müəyyən vəziyyətdə qalmaqda olan bu məsələ Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermir”.
Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Rusiya bu vaxta qədər qəza ilə bağlı heç nəyi açıqlamayıb, heç kəsi məsuliyyətə cəlb etməyib. Açıq görünür ki, Rusiya həmişə olduğu kimi, burada da məsuliyyətdən yayınmağa çalışır. Bəs Azərbaycan tərəfinin mövqeyi bu qədər aydın olsa da, Rusiya niyə məsələn, heç olmasa kompensasiya ödəmir? Yəni Moskva xəsislik edir, yoxsa qonşuya və strateji müttəfiqlik sənəd imzaladığı dövlətə münasibətdə qabalıq?
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov hesab edir ki, mübahisənin beynəlxalq məhkəmə müstəvisində həll olunması üçün müraciət etmək Azərbaycanın hüququdur: “AZAL-a məxsus təyyarəyə görə kompensasiyanın ödənilməsi Rusiya üçün heç də böyük bir çətinlik yaratmır. Burada təkcə kompensasiyadan söhbət getmir. Həm də Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir. Rusiya üçün ən çətin və qəbul edilməz sayılan məsələ məsuliyyətini etiraf edərək Azərbaycandan üzr istəməsidir. Çünki Rusiya hələ də imperiya təfəkküründədir və hesab edir ki, o boyda böyük ölkə Azərbaycan qarşısında günahını necə etiraf etsin. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı üzərində heç bir tanıma nişanı olmadan Ermənistanın hərbi kolonunu müşayiət edən helikopteri vurduğuna görə Azərbaycan məsuliyyəti üzərinə götürdü və münasibətləri gərginləşdirməmək üçün bütün prosedurlarını icra etdi. Eyni zamanda 2023-cü ilin 20 sentyabrında antiterror tədbirləri ilə əlaqədar Rusiyanın sülhməramlılarına dislokasiya yerini tərk etməməsi ilə bağlı qabaqcadan məlumat verilməsinə baxmayaraq, hərbi əməliyyatlar keçirilən əraziyə özbaşına daxil olmuş hərbiçiləri səhvən vurduğuna görə də münasibətləri gərginləşdirməmək üçün yenə Azərbaycan bütün lazımi addımlarını atdı. İndi də Azərbaycanın tələb etdiyində qeyri-adi bir şey yoxdur. Sadəcə, hər bir müstəqil dövlətin görməli olduğu məsələləri Rusiyadan tələb edirik.
Amma Rusiyanın öz səhvini başa düşərək Azərbaycana siyasi təzyiq göstərmək cəhdlərindən çəkinərək günahını etiraf edəcəyinə və müvafiq addımlar atıb yaxın qonşuluq münasibətlərinin gərginləşməsinə aparan hərəkətlərdən çəkinəcəyinə ümid edirik".
Siyasi təhlilçi Sona Əliyeva da o fikirdədir ki, Rusiya Azərbaycana qarşı imperialist siyasətini dəyişmək istəmir: “Bakı Kremlin gözündə hələ də "müstəmləkə, əyalət şəhəri" kimi görünür. Amma gərginlik bir qədər də uzansa, Rusiya Azərbaycan kimi etibarlı tərəfdaşı itirə bilər. Görünən odur ki, Rusiya keçmiş SSRİ respublikalarına öz baxışını son otuz ildə dəyişməyib. Əgər AZAL-ın təyyarəsinin vurulmasına görə, Moskva Bakıdan üzr istəməsə, Azərbaycan Rusiyaya daha sərt təpki verəcək. 22 fevral 2022-ci ildə iki ölkə arasında imzalanmış müttəfiqlik və tərəfdaşlıq bəyannaməsini Azərbaycan parlamenti ratifikasiya etməyəcək. Bu məsələdə itirən tərəf yenə də Rusiya olacaq. Çünki Qərbin sanksiyaları fonunda Putin Rusiyası beynəlxalq müstəvidə təklənib. Belarus və Şimali Koreya kimi güclü nüfuzu olmayan ölkələrin dəstəyinə ümid bəsləyir. Azərbaycan isə Şimal-Cənub, Qərb-Şərq marşrutunun tam mərkəzində yerləşir. Üstəlik, Zəngəzur dəhlizinin açılması prosesində Rusiya bütün proseslərdən kənarda qala bilər. Çünki Azərbaycan regionun əsas oyunçularından biridir. Ən əsası, Bakı beynəlxalq müstəvidə bütün addımları Ankara ilə birlikdə atır. Yəni regionda indi əsas söz sahibi Türk Birliyidir, Rusiya deyil. Ukrayna savaşının uzanması isə Rusiyanı Güney Qafqazdan bir qədər də uzaqlaşdıracaq. Düşünürəm ki, Kremlin beyin mərkəzləri də bunu çox yaxşı anlayırlar. Onlar çox gecikmədən Cənubi Qafqazın açarı olan Azərbaycandan üzr istəməli və təyyarə qəzasına görə ölkəmizin irəli sürdüyü bütün şərtləri qeyd-şərtsiz qəbul etməlidirlər. Azərbaycan təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəməyə baş vurarsa, oradan bizim lehimizə ədalətli qərar çıxarsa, bu, Rusiyanın beynəlxalq müstəvidə nüfuzunu daha da zədələyəcək. Bu baxımdan, Kreml Bakıdan üzr istəməyə tələsməlidir".
“Yeni Müsavat”