2021-ci ildən etibarən daşınmaz əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Bu, əsasən inşaat materiallarının bahalaşması ilə bağlıdır. Ən çox bahalaşan materiallardan biri armatur olub. Qarabağ iqtisadi zonasında başlayan kütləvi tikinti işləri nəticəsində inşaat materiallarının qiyməti bahalaşdı. Xüsusilə armaturun bir tonunun qiyməti 784 manatdan 1250 manata qədər yüksəlib. Bunun nəticəsində tikinti şirkətləri də tədricən qiymətləri artırmağa başlayıblar”.
Bunu Moderator.az-a açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov bildirib.
Ekspertin sözlərinə görə, hazırda tikinti sahəsində rəqabətin azalması və yeni tikinti layihələrinin sayının aşağı düşməsi müşahidə olunur:
“Hazırda 10 il əvvəlki dövrlə müqayisədə bu sahədə ən azı 4-5 dəfə azalma var. Rəqabətin zəifləməsi qiymət artımına səbəb olmağa davam edir. Eyni zamanda, vətəndaşların yığım kapitalı onların əmlak ala bilməsinə imkan vermir. Hər il təxminən 10-15 faiz civarında olan bahalaşma vətəndaşları ipoteka kreditlərinə daha çox müraciət etməyə vadar edir. Bazarda təklifin kəskin azalması qiymət artımını dayanmadan davam etdirir və bu prosesin ilin sonuna qədər sürəcəyi gözlənilir. Əmlak bazarında sabitləşmə üçün tikinti şirkətlərinə yeni icazələrin verilməsi vacibdir. Lakin Şəhərsalma Komitəsi bu məsələdə maraqlı olmadığı müddətcə, bazara genişmiqyaslı inşaat layihələri daxil olmayacaq və tikinti aktivliyi artmayacaq. Bu səbəbdən qiymət artımı hələ də davam edəcək. Qiymətlərin nə vaxt azalacağı barədə isə dəqiq fikir bildirmək çətindir. Ən azı yaxın vaxtlarda əmlak almaq istəyənlər üçün indiki dövr münasib sayılır, çünki qiymət artımının dayanacağı gözlənilmir. Tikinti sektorunda aktivliyin başlaması isə ən yaxşı halda bir ildən sonra mümkün ola bilər. Hazırda ölkə üzrə 194 bina qəzalı vəziyyətdədir. Əgər Bakı şəhərində bu binaların şəffaf şəkildə sökülməsi və yenidən tikilməsi prosesi başlanarsa, həmçinin tikinti şirkətlərinin əvvəldən təqdim etdiyi müraciətlərə komitə tərəfindən müsbət cavab verilərsə, təxminən bir ildən sonra bazarda qiymətlərin stabilləşməsi mümkün ola bilər”.