"Bakı Metropoliteni" QSC infrastrukturun texniki səviyyəsinin artırılması və idarəetmə sistemlərinin təkmilləşdirilməsi məqsədilə üç yeni tender elan edib.
FED.azxəbər verir ki, elanlar 12 iyun 2025-ci il tarixində dövlət satınalmalarının vahid elektron portalında dərc olunub. Üç tenderin ümumi ehtimal olunan dəyəri 1.106.662,70 manat təşkil edir.
İlk tender ventilyator aqreqatlarının idarəedici lövhələrinin satın alınmasına aiddir. Bu avadanlıqlar metro stansiyalarında havalandırma sistemlərinin effektiv və təhlükəsiz işləməsini təmin etmək üçün istifadə olunur. Tenderin ehtimal olunan dəyəri 411.483,28 manat, təkliflərin təqdim və zərflərin açılış tarixi isə 7 iyul 2025-ci il, saat 15:00-a təyin edilib. İştirak haqqı 350 manatdır.
İkinci elan defektoskop aparatlarının alınması ilə bağlıdır. Bu aparatların alınması metropolitenin rels və tunel infrastrukturlarında müntəzəm texniki baxış və təhlükəsizlik nəzarətini təmin etmək üçün vacib vasitədir. Bu tenderin ümumi dəyəri 309.206,03 manatdır. Təkliflər 7 iyul 2025-ci il saat 15:30-a qədər təqdim olunmalı, elə həmin vaxtda zərflər açılacaq. İştirak haqqı yenə 350 manat müəyyən edilib.
Üçüncü tender “Qırmızı və Yaşıl xətlər”də yerləşən ventilyasiya şaxtalarına quraşdırılacaq hava tənzimləyici klapanların (dampferlərin) satın alınmasına aiddir. Bu sistemlər fövqəladə hallarda havanın dövriyyəsini tənzimləməklə sərnişin təhlükəsizliyini artırmağa yönəlib. 385.973,39 manatlıq bu tender üçün təkliflərin təqdim və açılış tarixi 8 iyul 2025-ci il, saat 15:00-dır. İştirak haqqı burada da 350 manatdır.
Bütün tenderlər üzrə əlaqələndirici şəxs “Bakı Metropoliteni” QSC-nin Dövlət Satınalmaları şöbəsinin rəisi Xalidə Yunuszadədir. Maraqlı tərəflər [email protected] elektron poçt ünvanı və +994 12 490 01 01 əlaqə nömrəsi vasitəsilə əlavə məlumat əldə edə bilərlər.