“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən 30 yaşlı Dünyamalı Qarayevin cinayət işinin təfərrüatı məlum olub.
Musavat.com xəbər verir ki, Dünyamalı Qarayev “Badamdar Estates”də baş xəzinədar vəzifəsində çalışıb.
İttihama görə, o, həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə 163 min manatdan artıq pulu mənimsəyib.
Dünyamalı Qarayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Cinayət işi üzrə “Badamdar Estates” MMC zərərçəkmiş qismində tanınıb.
Cinayət işi materiallarında yazılır ki, Dünyamalı MMC-nin “FO”, “F10”, “Chillbar”, “CİB” “SPA”, “Fand B”, “F/B Reppermill” və “Chillbar F/B” şöbələrindən topladığı vəsaitləri kassaya daxil edərkən rəqəmləri vergüllə dəyişib. Məsələn, 1750 manat mədaxil ediləndə vergülün yerini dəyişərək 175,0 manat edərək yaranmış fərqi özünə götürüb. Audit yoxlaması zamanı Dünyamalının kassadan 163 min manat pul ələ keçirdiyi məlum olub.
Şahid ifadələrindən və Dünyamalının dediklərindən məlum olub ki, ələ keçirdiyi pulları restoranda ofisiant işləyən xanıma, bahalı həyat tərzinə və əsasən də onlayn mərc oyunlarına xərcləyib.
İstintaq zamanı ifadə verən Dünyamalı əməlini etiraf etsə də, məhkəmədə fərqli ifadə verib və qeyd edilən məbləği mənimsəmədiyini deyib. Bildirib ki, audit yoxlamasında olan sənədlər ona təqdim olunmayıb:
“Audit yoxlaması şəffaf keçirilməyib. Məxaric və mədaxil sənədlərində səhv var. Bilmirəm ki, nəyi düzgün, nəyi səhv hesablayıblar. Hoteldə mədaxil qəbzləri əlyazma formasında olurdu. Məsələn, kimsə axşam kassaya 5 min manat verir, səhər mən təhlükəsizlik əməkdaşı ilə birlikdə kameranın altında həmin pulu götürəndə yazırdı ki, 5 min manat götürdüm. Təhlükəsizlik əməkdaşı da imzalayırdı.
Həmin 5 min məbləğin arxasına bir ədəd sıfır əlavə etməklə 50 min etmək olar və beləliklə audit yoxlamasında 45 min manat əskik yaratmaq olar. Audit yoxlamasından narazıyam, şəffaf keçirilməyib. Xəzinənin 2 açarı olmalı idi, ancaq mənə dedilər ki, ikinci açar itib. İbtidai istintaq zamanı özümdə olmamışam. Müstəntiq məni aldadıb”.
Dünyamalı istintaqdakı ifadəsində restoranda tanış olduğu xanıma bahalı hədiyyələr, 1000 ədəd qızılgül almasını etiraf edib.
İstintaq zamanı onun iş yoldaşları da şahid qismində dindirilib. Onların ifadəsindən məlum olub ki, aylıq 800 manat maaş alan Dünyamalının yaşam tərzi tam fərqli imiş. Yəni 800 manat maaş alsa da, bahalı həyat tərzi sürür, bahalı aksesuarlar taxır, yeni maşın alırmış. Bəzi iş yoldaşları isə Dünyamalının onlayn kazino oyunları oynadığına şahidlik etdiklərini bildiriblər.
Hotel müdirinin ifadəsindən məlum olub ki, audit yoxlamasından bir gün əvvəl işçilərə xəbərdarlıq edilib ki, hamı işə gəlsin. Lakin Dünyamalı həmin gün işə gəlməyib. Ona zəng ediləndə telefonuna zəng çatmayıb. Onun yaxınlarına zəng edən zaman Dünyamalının xəstə olduğu üçün işə gəlmədiyi deyilib. 163 minlik məniməsəmə ortaya çıxan zaman isə Dünyamalı ümumiyyətlə zənglərə cavab verməyib. Cinayət işi açılan zaman həbs edilib.
Dünyamalı zərərdən heç nə ödəməyib. Buna səbəb olaraq isə mənimsənildiyi deyilən məbləği qəbul etmədiyini bildirib.
İş üzrə Dünyamalının sevgili olduğu xanım da şahid kimi ifadə verib. Onun sözlərinə görə, Dünyamalı ilə işlədiyi restoranda tanış olub. Dünyamalının ona min ədəd qızılgül, bahalı telefon, zinət əşyaları, geyimlər aldığını etiraf edib.
Dünyamalının cinayət işində diqqət çəkən məqamlardan biri də bu olub ki, o, sevgili olduğu xanım tərəfindən şantaj edilməsini də deyib. İddia edib ki, 163 min manatı şantaj olunduğu üçün həmin xanıma xərcləyib. Amma sonradan bu ifadəsindən və şikayətindən imtina edib.
Dünyamalının sevgili olduğu xanım şahid kimi dindirilən zaman bunları qeyd edib:
“Onunla 2023-cü ilin fevral ayında tanış olmuşduq. Restorana gələndə bahalı içkilər sifariş edir, çoxlu miqdarda bəxşişlər verirdi. Dünyamalının hoteldə xəzinədar işlədiyini bilirdim. Onunla sevgili olandan sonra işdən çıxdım.
Dünyamalı işləməyimi istəmirdi. Aylıq iki min manat maaş alırdım, amma beş min də alsaydım, Dünyamalı istədiyinə görə işdən çıxardım. Ehtiyac olanda mənə pul göndərirdi. Mənə 2023-cü ildə “iPhone 14 Pro” almışdı.
Dünyamalı ilə tanış olanda maşınını təzə satmışdı. Taksi sürücüsü də işləyirdi. Dünyamalının mənimsəmə etməsinə inanmamışdım. Elə bildim ki, məndən ayrılmaq istədiyi üçün belə deyir. Dünyamalının tutulmasını atasından eşitdim. Oğlunun tutulmasına görə məni günahlandırırdı”.