İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb. Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb: “Bu gücün ən bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana çevik və qətiyyətli reaksiya verməsi idi.
Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd göstərdikdə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi, İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsini pozdu". Vilayəti vurğulayıb ki, Co Baydenin özü də ABŞ prezidenti vəzifəsini icra edərkən etiraf edib ki, dəhlizin işə salınması üçün hər şey hazırdır, lakin bu layihənin həyata keçirilməsinə İran mane oldu: "Bu bəyanat onu göstərir ki, İran hətta Rusiyanın dəstəyi olmadan belə ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olub". Vilayəti əlavə edib ki, Zəngəzur dəhlizi daxilində son məqsəd təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaq idi: "Lakin bu layihə də uğursuzluğa düçar oldu".
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Əli Əkbər Vilayətinin "fəxrlə" Zəngəzur dəhlizinin açılmasının qarşısının alınması ilə bağlı İranın qətiyyətli mövqeyini səsləndirməsi, əslində, İranın xarici siyasətinin iç üzünü, İranın Azərbaycana olan münasibətini göstərir. Deputatın sözlərinə görə, İranı regionda pozuculuq fəaliyyətində, sülhə qarşı çıxan dövlət kimi göstərəndə, İran rəsmiləri bəzən bunun belə olmadığını izah etməyə çalışırlar:
"Amma İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə köməkçisinin dilindən bu fikirlərin səslənməsi Azərbaycanın mövqeyinin nə qədər doğru olduğunun göstəricisidir. Demək ki, əslində, Əli Əkbər Vilayətinin səsləndirdiyi fikirlər İranın regiondakı anti-sülh və anti-inteqrasiya siyasətinin etirafı kimi qəbul edilməlidir. Biz onsuz da bunun belə olduğunu bilirdik. Amma düşünürəm ki, Vilayəti vaxtından əvvəl öyünür. Çünki hələ bilmək olmaz, nəticə etibarilə Zəngəzur dəhlizi açılacaq, ya açılmayacaq. Qaldı ki, Zəngəzur dəhlizini "İranın Avropaya çıxan dəhlizi" kimi xarakterizə etməsinə, bu da kökündən yalandır. Çünki heç bir İran rəsmisi və ya iranlı iş adamı iddia edə bilməz ki, İran Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən Avropaya hansısa mal ixrac edib və yaxud hansısa yükdaşımalar baş tutub. Belə bir hadisə yoxdur".
Parlamentarinin fikrincə, Vilayətinin fikirləri sadəcə İranda bu mövqeyə etiraz edə biləcək elektoratı sakitləşdirmək üçündür:
"Guya bu dəhliz əslində İranın Avropaya çıxan dəhlizidir. Fikrin izahı belədir ki, İran guya Ermənistan üzərindən Gürcüstana, Gürcüstan üzərindən isə Avropaya çıxmaq üçün dəhlizdən istifadə edir. Amma qeyd etdiyimiz kimi, bu dəhliz yükdaşıma, yaxud sərnişindaşıma üçün indiki vəziyyətdə əsla və əsla uyğun deyil. Ayrıca İran və Ermənistan arasında yükdaşımalar üçün heç bir infrastruktur yoxdur. Baxmayaraq ki, dəmir yolu və avtomobil yolu daxil olmaqla Azərbaycan və Zəngəzur dəhlizi üzərindən Naxçıvana müxtəlif infrastruktur həmişə mövcud olub. Amma İran üzərindən avtomobil yolundan kənar heç bir yol, kommunikasiya yoxdur. Dəmir yolunun inşası isə mümkün olub. Ona görə də Zəngəzur dəhlizi İran üçün Avropa dəhlizi ola bilməz".