Bakıda mühakimə edilən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın dostları onun ad günü münasibətilə “Rubenlə dialoq” müzakirəsi təşkil ediblər. Həmin müzakirələrdə aktyor və rejissor Vardan Petrosyan video vasitəsilə iştirak edib.
NEWS.am xəbər yayıb ki, erməni rejissor Vardanyanın “siyasi qisas qurbanı” kimi saxlanıldığını iddia edib. Onun sözlərinə görə, guya Azərbaycan bununla nəinki Vardanyanı, Ermənistan Respublikasını və erməni xalqını aşağılayır. “Onlar erməni xalqını mənəvi mənada diz çökdürməyə və adamı psixoloji cəhətdən məhv etməyə çalışırlar”, - deyə Petrosyan sayıqlayıb. Ardınca erməni rejissor bildirib ki, Ruben Allaha bağlı adamdır: “Ona görə də biz ona güc, cəsarət və müqavimət göstərmək bacarığı arzulamalıyıq”.
Artıq Vardanyanın müdafiə kampaniyası üçün heç bir normal iş görə bilməyən çevrəsi dua etməyə, onu dözümlü olmağa çağırır. Bu da separatizmə dəstək vermiş erməni cinayətkarın ətrafının reallıqla barışmasından irəli gəlir. Hərçənd ailəsi nüfuzlu Qərb KİV-lərində müsahibələr verir, bir ara həşir qoparırdı.
Üstəlik, erməni cəmiyyəti də Vardanyan üçün ayağa qalxmadı. Bu müddət ərzində onun azad edilməsi tələbi ilə hər hansı izdihamlı mitinq keçirilməyib. Çünki Vardanyan erməni xalqı üçün yad ünsürdür və ölkəsinə heç bir faydası dəyməyib. O, Rusiyada yaşamış milyarderdir və heç vaxt olmadığı Qarabağda qanunsuz şəkildə məskunlaşıb, xunta rejiminə dəstək verirdi.
Ermənilər Vardanyana niyə qahmar çıxmadı? Hətta müxalifət, Köçəryan və Sərkisyan da ondan danışmır. Səbəb nədir?
Siyasi ekspert Fuad Əliyev Vardanyanın layiqli cəzasını alacağını gözləyir. Onun fikrincə, onun barəsində hökm elan edildikdən sonra növbəti kampaniya başlana bilər. Lakin bunun da heç bir effekt verməyəcəyini proqnozlaşdıran F. Əliyev güman edir ki, Vardanyan bitmiş fiqurdur: “Onu müdafiə edən erməni xalqı deyil, ayrı-ayrı qruplardır. Onlar sifariş əsasında hərəkət edir. Vardanyan ABŞ və Rusiya üçün agent işləmiş, ikitərəfli casusdur. Ona görə müxtəlif cinahlardan dəstək verənlər olur. Amma rəsmi səviyyədə müdafiəsi yoxdur”.
F.Əliyevə görə, Ruben Qarabağda cinayətlər törədib və məhkəmə prosesində əməlləri sübut olunur: “Əgər onun Ermənistanda hörməti olsaydı, xalq dəstək verərdi. Hətta revanşist müxalifət də ona qahmar çıxmadı. Çünki Vardanyan erməni müxalifətinə və xalqına yaxın olmayıb. Onun fəaliyyəti Ermənistanla bağlı olmayıb. Nə üçün ermənilər onu müdafiə eləsinlər ki?! Bu adam qəfildən Qarabağda peyda olub, hansısa dairələrin sifarişi ilə Xankəndidə fəaliyyət göstərib, nəticəsi də göz qabağındadır. Yəni Köçəryan belə onu müdafiə etmirsə, ermənilər Rubeni özlərindən bilmirlər”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Vardanyanı azı 20 il həbs cəzası gözlədiyini proqnozlaşdırır. Onun qənaətinə görə, Vardanyanın ilk cinayəti başqa dövlətin vətəndaşı ikən Azərbaycana gəlib burada Ermənistanın belə müstəqilliyini tanımadığı “artsax” adlı oyuncaq hökumətdə qondarma vəzifə tutmasıdır: “Bu şəxs sərhədi qanunsuz keçib, dövlətin içində dövlət qurmaq istəyənlərə qoşulub, terroru və separatizmi maliyyələşdirib, Xankəndi mitinqində dinc erməniləri silaha sarılmağa çağırıb, Azərbaycan rəhbərliyini təhdid edib, yəni bir yox, bir sıra cinayət əməllərində ittiham olunur. Sadəcə, milyarder olub və ümid edir ki, həbsi siyasiləşəcək. Amma Azərbaycan aparılan istintaq və məhkəmə prosesində sübut edir ki, onun tutulmasında siyasi motiv yoxdur. Buna görə çevrəsi dua və arzu edir”.
S.Əsədli ruspərəst müxalifətin də ona sahib çıxmamasında iki səbəb görür: “Birincisi, həmin qüvvələr Kremlə bağlıdır və özləri siyasi dəyişiklik gözləyir. Onlar ümid edirlər ki, Ermənistanda iqtidar gedəcəksə, yenidən hakimiyyətə yiyələnəcəklər. Bunu da Vardanyanla bölüşmək istəmədilər. İkincisi, bu adamla müxalifətin ciddi təmasları, əvvəllər dərin əlaqələri olmayıb. Ruben milyarder idi və öz yoluyla gedirdi. Bir sözlə, keçmiş "Qarabağ klanı"nı Vardanyana bağlayan səbəb olmayıb. Yalnız bir oxşarlıq var - hər iki tərəf Rusiya ilə bağlı idi. Bu da nəyisə dəyişmirdi. Ona görə Ruben Xankəndidə siyasi şou ilə məşğul olanda Köçəryan və Sərkisyan səsini o qədər də çıxarmırdı. İndi də müəmmalı sükut var. Üstəgəl, Paşinyan onları yerinə oturdub".
Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmənin növbəti iclası iyunun 10-na təyin olunub.
Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
“Yeni Müsavat”