Azərbaycanın ardınca bir sıra ölkələrdə də “Rus evi”ni yıxmağa başlayıblar; Moskvanın “gizli göz”ləri qapadılır, bəs Kreml “domino effekti”ndən nəticə çıxaracaqmı?
Almaniya parlamentinin (Bundestaq) Kəşfiyyat Xidmətlərinə Nəzarət Komitəsinin sədr müavini Roderix Kisevetter ölkədəki “Rus evi”ni bağlamağa çağırıb. “Yeni Müsavat” xəbər verir ki, Bundestaq üzvünə görə, həmin obyekti qapatmaq və daha çox rus diplomatı ölkədən qovmaq lazımdır.
Deputat son zamanlar Rusiyanın kiberhücumları və təxribatlarının nəzərəçarpacaq dərəcədə artması ilə əlaqədar tədbirlər görməyi də təklif edib. “Biz yerdə qalan agentləri və diplomatları ölkədən çıxarmalıyıq”, - komitə sədrinin müavini yerli mediaya müsahibəsində deyib. O, həmçinin xarici təsirləri, xarici dezinformasiya və təbliğatı məhdudlaşdırmaq yönündə əlavə tədbirlər görməyin zəruriliyinə diqqət çəkib. “Məsələn, turistlər üçün viza qadağası, təbliğatçıların çıxışlarına qadağa qoyulması və təbliğati portalların bağlanması mümkündür”, - siyasətçi qeyd edib. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri “Vaqner” hərbiləşdirilmiş dəstəsinin üzvlərindən biridir. Məsələn, “Yaşıllar” Partiyasından olan keçmiş Bundestaq deputatı Folker Bek Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berboka Berlindəki “Rus evi” - Rusiya Elm və Mədəniyyət Evinin əməkdaşlarının ölkədə arzuolunmaz elan edilməsi tələbi ilə məktubla müraciət edib.
Bəlli olduğu kimi, lap öncə Azərbaycan, ardınca Moldova, Fransa, Suriya (yeni hökumət) analoji addımlar atıb. Hətta Ermənistan da “Rus evi”ni qapatmaq yönündə qərar verməyə hazırlaşır. Qırğızıstanda isə “Rus evi”nin əməkdaşına qarşı cinayət işi qaldırılıb.
“Rus ev”lərinin bir-bir qapanması rəsmi Bakının qərarının nə qədər doğru və legitim olduğunu bir daha isbatlayır. Yenə qənaət hasil olur ki, əslində “Rus ev”ləri hansısa mədəni-humanitar məqsədlər üçün yox, məhz casus missiyasını yerinə yetirmək üçün yaradılıb. Yəni faktiki surətdə bu, Moskvanın ölkələrdəki “gizli göz”ləridir ki var.
Bəs rəsmi Moskva baş verənlərdən nəticə çıxaracaqmı? Bakıdakı “Rus evi” açıla bilərmi və hansı şərtlərlə?
Yada salaq ki, bu mərkəzin agentura şəbəkəsinin ocağı olduğunu ilk dəfə “Baku Tv” iddia edib. Materialda vurğulanıb ki, “Rossotrudniçestvo” adlanan qurumun tabeliyində olan “Rus ev”ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ, casusluqla məşğul olurlar. Ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu “evlər”ə nəzarət edən “Rosssotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdan istənilib.
O ki qaldı “Rossotrudniçestvo”ya, yaxın və uzaq xaricdə yaşayan soydaşları arasında əməkdaşlıq, rus dilinin yayılması və s. məsələləri prioritet elan edən qurumun fəaliyyəti heç də şəffaflıq üzərində qurulmayıb. Onun dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərir. 1925-ci ildə SSRİ-nin müvafiq strukturlarının xeyir-duası ilə təsis edilib. Şübhəsiz ki, hədəf də casusluq və “ağ qvardiya”nın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət olub.
Təşkilat SSRİ-nin təhlükəsizlik orqanları, o cümlədən ovaxtkı NKVD, sonralar isə DTK və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən aldığı əmr və tapşırıqlara uyğun fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra “Rossotrudniçestvo”ya çevrilən təşkilat fəaliyyətini yeni Rusiya hakimiyyəti ilə davam etdirib. Dəfələrlə adı casus qalmaqallarında çəkilib.
90-a yaxın ölkədə fəaliyyət göstərən təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Avropanın beş ölkəsində rus mədəniyyət və elm mərkəzləri - “Rus evləri” bağlanıb. Bunlar Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyadır.
2023-cü ilin əvvəlində Buxarestdəki “Rus evi”nin fəaliyyəti Rumıniya hakimiyyətinin qərarı ilə dayandırılıb.
Danimarka “İnformation” qəzetinin dərc etdiyi məlumatda ölkədə Rusiya səfirliyi və “Rossotrudniçestvo”nun örtüyü altında işləyən Baş Kəşfiyyat İdarəsi zabitlərinin adları göstərilmişdi: “Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı ”Rus evi" uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və videomateriallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".
Son zamanlarda isə Primakov, habelə Rusiya XİN rəsmisi Zaxarova, hətta Kreml sözçüsü Peskov “Rus evi”nin Bakıdakı fəaliyyətinin bərpası üçün danışıqlar aparıldığını, problemin müsbət həllini tapacağına ümid bəslədiklərini söyləmişdilər.
Amma bu faktlar - yəni bir sıra ölkələrdə bu agent yuvasının qapadılması göstərir ki, Azərbaycan həm doğru qərar verib, həm də bərpasına lüzum yoxdur.
Ekspertlər necə görürlər, Bakı-Moskva danışıqlarında sözügedən mərkəzin fəaliyyətini davam etdirməsi mümkün ola bilərmi?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında “Rus evi”nin fəaliyyətinə ehtiyac görmədiyini söyləyib. Onun qənaəti budur ki, Rusiyanın Azərbaycanda olan səfirliyinin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir və bu da kifayət edir. Professor Primakovun və ümumilikdə Kremlin bu məsələdə təkid etməsinin məntiqini görmür, sadəcə, siyasi niyyət olduğunu düşünür: “Moskva Bakının bu qərarını özünə qarşı demarş sayır. Onlar həzm edə bilmirlər ki, "Rus evi" adlanan yeri necə qapatmaq olar. Ancaq mediada səslənən iddialara rəğmən rəsmi Bakı heç də bəyan etməyib ki, həmin mərkəz casus yuvasıdır. Sadəcə, qeydiyyat problemi ilə əlaqələndirilib. Əgər qeydiyyat məsələsində tələblər sahmana salınarsa, bu mərkəzin işinə yenidən baxılması istisna deyil. Ancaq bunu rəsmi izahla ehtimal edə bilərik. Yəni Azərbaycan hakimiyyətinin “Rus evi”nin qayıdışını arzuladığını düşünmürəm. Madam ki, bizə qədər bir sıra ölkələr bu addımı atıb, son olaraq da Qırğızıstan, ardınca Almaniya tədbirlər görüb. Deməli, “od olmayan yerdən tüstü çıxmaz”. Bu səbəbdən Bakı zamanında doğru qərar verib".
Q.Hüseynlinin fikrincə, Rusiya təhsil, mədəniyyət, məktəblərdə rus bölməsi adı ilə özünün təsir dairəsini genişləndirməyə çalışır: “Bu, imperiya zehniyyəti və təbliğat üsullarıdır. Onlar ya tanklarla, ya da bu şəkildə işğala əl atır. Amma doktrinanı dəyişmək məcburiyyətindədir. Ukrayna müharibəsi belə diktə edir. Dünya dəyişib və bu təfəkkürlə, casus yuvaları ilə təsir gücünü saxlamaq çətindir”.