Ermənistanın Qoris meriyasının yaxınlığında Fransanın Fəxri Konsulluğu açılıb. Fəxri konsul vəzifəsinə Ermənistan vətəndaşı, milliyyətcə erməni olan Qoris Frankofon Mərkəzinin direktoru Karmen Apunts təyin edilib.
Açılış mərasimində Fransanın Ermənistandakı və Ermənistanın Fransadakı səfirləri, Ermənistan Respublikasının ərazi idarəetməsi və infrastruktur naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Qoris meri, Fransanın Vyen şəhərinin meri, fransalı senatorlar və digər rəsmi şəxslər iştirak ediblər.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bir müddət əvvəl İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında Qoris şəhərində konsulluq açacaqlarını bəyan etmişdi.
Qeyd edək ki, Fəxri Konsulluq institutu Baş Konsulluqla müqayisədə daha aşağı statusa malikdir. Adətən, fəxri konsulun diplomatik toxunulmazlığı olmur və o, siyasi funksiyalar yerinə yetirmir. Onun fəaliyyəti əsasən humanitar və mədəni təşəbbüslər, bəzən isə konsulluq xidməti göstərilməsi ilə məhdudlaşır.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının professoru, siyasi elmlər doktoru Aleksey Fenenko “Vestnik Kavkaza”ya müsahibəsində Ermənistan və Fransa hakimiyyətlərinin Qorisdə konsulluq açmaqla hansı məqsəd güddüklərini şərh edib.
“Ermənistan Fransanı Azərbaycana qarşı hərbi revanş cəhdlərinə cəlb etməyə ümid edir. Ermənistan rəhbərliyinin əsas məqsədi Azərbaycanla döyüşə bilmək üçün ölkəni silahlandıracaq, müasir silah verəcək tərəfdaş tapmaqdır”, - deyə o bildirib.
“İrəvan elə şərait yaratmağa çalışır ki, NATO-nun Ermənistanla münasibətlərdə geri çəkilə biləcəyi heç bir məqam qalmasın. Xüsusən də, Fransa ilə Azərbaycan arasında münasibətləri o dərəcəyə qədər korlamağa çalışır ki, daxili siyasi vəziyyətdən asılı olmayaraq, Parisin Ermənistana silah tədarükündən başqa alternativi qalmasın. Baş verən bu hadisə də Fransanı İrəvanın revanşist planlarına cəlb etmək üçün təxribatdır” - Fenenko qeyd edib.
“Amma Fransanın da öz motivasiyası var. Birincisi, Fransa hakimiyyəti güclü erməni diasporuna baxaraq hərəkət edir. Hətta ABŞ-da belə erməni diasporu dövlətə Fransada olduğu qədər təsir edə bilmir. Məhz bu qüvvə Fransanı Ermənistana dəstək və Azərbaycanla qarşıdurmaya doğru sürükləyir”, - rusiyalı politoloq əlavə edib.
“Bundan əlavə, Qorisdə, Azərbaycanla sərhəddə və İran sərhədinə yaxın ərazidə konsulluq açmaqla prezident Emmanuel Makron özünü xarici siyasətdə uğurlu lider kimi təqdim etmək, Fransanın Cənubi Qafqaza nüfuzunu daha da artırdığını nümayiş etdirmək istəyir” - Aleksey Fenenko fikrini tamamlayıb.
Maraqlıdır, görəsən rusiyalı professorun bu qənaəti həqiqətə nə dərəcədə uyğundur? Doğrudanmı, Fəxri Konsulluğun fəaliyyəti Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər?
Bununla bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli xatırladıb ki, SSRİ-nin dağılmasından sonra ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna vahid geosiyasi məkan kimi yanaşırdı.
“Güclü erməni lobbisinin səyi nəticəsində ABŞ və Fransada Ermənistana münasibətdə müəyyən istisnalar olmasına baxmayaraq, ümumilikdə Cənubi Qafqazın üç dövlətinə eyni standartlar tətbiq edilirdi. Məsələn, regionu Avropa siyasi və hüquqi standartlarına yaxınlaşdırmaq, müxtəlif siyasi və hüquqi birliklərdə iştirakını təmin etmək kimi məsələlərdə vahid yanaşma mövcud idi.
Lakin Qarabağ münaqişəsinin hərbi həllindən və Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Qərbin Cənubi Qafqaz siyasəti dəyişdi. Hazırda Avropa Cənubi Qafqaz siyasətini ABŞ-la koordinasiya etmir. Ümumiyyətlə, həm ABŞ-ın, həm də Avropanın Cənubi Qafqaza dair siyasəti hələ də tam dəqiq və konkret deyil. Bu, daha çox situativ xarakter daşıyır.
Azərbaycanın Avropanın 10 dövləti ilə çox yaxşı, 11 ölkə ilə isə orta səviyyəli ikitərəfli münasibətləri var. Digər Avropa ölkələri ilə münasibətlərdə müəyyən problemlər qalır. Əsas problem isə Fransadır.
Gürcüstan rəhbərliyi öz strateji təhlükəsizliyini daha çox Çin və region ölkələri ilə əməkdaşlıqda görür. Ermənistan rəhbərliyi isə ABŞ, Fransa, Hindistan və İranla xüsusi strateji münasibətlərə üstünlük verir. Lakin bu münasibətlər hələ də, sabit və davamlı xarakter daşımır. Cənubi Qafqazın gələcəyini Rusiya-Ukrayna müharibəsinin nəticəsi və ABŞ-ın İran və Çinə münasibətdə həyata keçirəcəyi yeni siyasət müəyyən edəcək”, - ekspert bildirib.
Onun sözlərinə görə, Sünik bölgəsində yaşayan əhali təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirir. “Əgər erməni sosial şəbəkələrinə inansaq, iddia olunur ki, Sünikdən Ermənistanın digər bölgələrinə və xaricə miqrasiya baş verir. Ermənistan hökuməti bu problemi həll etmək üçün regionda İranın konsulluğunu açıb. Fransanın konsulluq açması da əhalinin miqrasiyasının qarşısını almağa xidmət edir. Eyni zamanda bu addımlar Azərbaycanın hansısa hərbi addımlar atmaq ehtimalına qarşı qabaqlayıcı tədbirlər kimi qiymətləndirilir.
Fransa hökuməti Cənubi Qafqazdakı mövcudluğunu davam etdirdiyini nümayiş etdirmək və erməni lobbisinin dəstəyini qoruyub saxlamaq üçün Ermənistana xüsusi önəm verir.
Hazırda Cənubi Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə formalaşıb. Eyni zamanda regional və qlobal siyasi proseslər də Azərbaycanın maraqları çərçivəsində inkişaf edir. Bu vəziyyətin yaxın illərdə radikal şəkildə dəyişməsi real deyil. Ona görə də, Ermənistanın yaxın və orta perspektivdə Azərbaycana ciddi təhlükə yaratmaq imkanı məhduddur”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.