Sosial şəbəkələrdə təsadüfən bir yazı ilə rastlaşdım. Daha doğrusu, feysbuk onu qarşıma çıxarmışdı. Müəllif tanış, mövzu yaxın olduğu üçün axıra qədər, diqqətlə oxudum.
Yazı müəllifinin adını çəkməyi lazım bilmirəm; çünki ən azı yazının başlığını öz mədəni və intellektual səviyyəmizə yaraşdırmadım. Başlıq belədir: "Yanlış nəzəriyyəçilik, Soros xiffəti, sifariş..."
Məqalə ayrıca təqdimata ehtiyacı olmayan Elçin Şıxlıdan bəhs edir, onun "Media purizmi: əsaslara qayıtmağın vaxtıdır" başlıqlı yazısının təhlili, daha doğrusu, tənqidi üzərində qurulub.
Əlbəttə, cəmiyyətdə mədəni etiraz ruhunun, polemika ehtiyacının, tənqidi təfəkkürün olması - qalması, yaşaması çox önəmlidir. Heç kəs və heç nə toxunulmaz deyil, dövlətin simvollarından, milli dəyərlərdən və şəxsi həyatdan başqa. İctimai fiqursansa, xüsusilə, Elçin Şıxlı kimi tanınmış və təsdiqlənmiş (özünü təsdiqləmiş) ictimai xadimsənsə, yeri gələndə təqdir də görəcəksən, tənqid də.
Heç birimiz ideal deyilik; qüsursuzluq Allaha xas olan cəhətdir. Biz isə Allah deyilik, sadəcə, sadə bəndələrik. Həyatımızda da, işimizdə də, yaradıcı adamıqsa, yaradıcılığımızda da yanlışlarımız var, yaxud ola bilər. Sol Bellou bu mənada doğru demişdi ki, qüsursuz yaşamağın mümkün olduğunu düşünmək özü də qüsurdur.
Amma vallah-billah, mən Elçin Şıxlının tənqidə məruz qalan həmin yazısında bir qüsur görmədim. "Media purizmi: əsaslara qayıtmağın vaxtıdır" yazısını dərc olunan kimi oxumuşdum. Bu yazıya dair tənqidə rast gələndən sonra Elçin Şıxlının məqaləsini bir də oxudum. Xüsusi etiraz doğuracaq bir fikir, bir cümlə tapa bilmədim. Ola bilsin, bu yazını tənqid edən şəxslə mən ayrı-ayrı nöqtələrdən, fərqli pəncərlərdən baxmışıq.
Məsələn, müəllif Elçin Şıxlıya irad tutur ki, ""purizm" "media termini deyil" və "milli memarlığı, mədəniyyəti, incəsənəti yad ünsürlərdən qorumaq, arınmaq, saflaşmaq anlamını daşıyır".
Bunun üzərində çox dayanmaq istəmirəm, sadəcə, onu deyərdim ki, ingiliscə "outsude" olan "oyundankənar vəziyyət" dediyimiz məna da idmana aiddir; futbol terminidir. Biz onu siyasətə aid yazılarda tez-tez görürük. Eləcə də, mediaya da aid edirik. Məncə, burada qəbahət yoxdur. Biz nədənsə bir çox şeylərin hərfi mənasına taxılıb qalırıq.
Tənqidin tənqidi heç də yeni bir məşğuliyyət deyil, buna çoxdan alışmışıq. Amma bəzi insanlar, eləcə də, bəzən həmkarlarımız, opponentlərimiz, hətta dostlarımız belə boyaları həddindən artıq tündləşdirir. Baxın, Elçin Şıxlının tənqidinə həsr olunmuş məqalədə deyilir: "Baş redaktor yaranmış duruma görə ölkədəki media mühitini günahkar sayır. Məqalənin motivi dövlətin media siyasətindən narazılığı ifadə edir".
Mən bu fikirlə razı deyiləm. Bu yaxınlarda Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyev də ölkənin aparıcı media orqanlarının rəhbərləri ilə görüşdə milli mediamızdakı qüsurları çox obyektiv və əhatəli şəkildə təhlil etdi, tənqidi fikirlərini, qeydlərini söylədi. Həmin fikirlərin bir çoxu Elçin Şıxlının məqaləsində də var. Mən anladığım qədər Elçin Şıxlı dövlətin media siyasətini tənqid etmir, əksinə öz təhlil və təklifləri ilə dövlətə dəstək verir. Media mühitini günahkar çıxarmır; səhvlə günah başqa-başqa anlayışlardır. Səhvlərin günah dərəcəsinə çatmaması üçün öz şəxsi düşüncələrini söyləyir, məqbul bildiyi çıxış yollarını göstərir. İctimai həyatın önəmli məsələlərinə dair öz fikirlərimizi bildirmək nə vaxtdan cinayət sayılır?! Bu yazdıqlarım da mənim fikirlərimdir; çoxmu günahkaram?!
Elçin Şıxlıya "lütf edilmiş" tənqidi yazının başlığına yəqin diqqət etdiniz: üç hissədən ibarət bir yanlışdır. Birinci hissə: yanlış nəzəriyyəçilik. Elçin Şıxlı, ümumiyyətlə, öz yazısında heç nəzəriyyəçiliyə də getməmişdi, daha çox öz təcrübəsinə, ümumiyyətlə, təcrübədə sınaqdan çıxmış faktlara və modellərə istinad edir. Məsələn, deyir ki, kəmiyyətə yox, keyfiyyətə önəm vermək lazımdır. Yanlışmı deyir?! Yox.
Yaxud onun başqa bir fikrinə diqqət edək: "Hər kəsin jurnalist, hər portal sahibinin redaktor sayıldığı bir mühitdə peşəkarlıq uduzur. Nəticədə təkrarlanan xəbərlər, səthi analizlər, ucuz başlıqlar və ictimai fikrə təsir etmə gücünün itirilməsi ilə qarşı-qarşıyayıq". Burda da yanlış yoxdur. Bu, eynilə indiki media siyasətinin əsasında duran narrativlərə uyğundur. Əslində media reyestri də ona görə aparılır ki, bu sektora yad, təsadüfi adamlar özünü jurnalist, redaktor saya bilməsin. "Media haqqında" qanunun bəyan edilən məqsədi də peşəkarlıqla diletantlıq arasında aydın görünən sərhədlər qoymaqdır.
Elçin Şıxlı daha sonra yazırdı: "Sosial şəbəkələrlə onların dili ilə danışmaq, yəni oradakı səthi və ucuz kontent səviyyəsinə enmək olmaz. Bu, heç mümkün də deyil. Əksinə, media oxucuya sosial şəbəkələrin verə bilmədiyini təqdim etməlidir: dərinlik, dürüstlük, fikir aydınlığı, intellektə hörmət və əsl məzmun. Ancaq bu yolla oxucunu geri qaytarmaq olar".
Burda da media sahəsində dövlət siyasətinə zidd, yanlış nəzəriyyəçiliklə bağlaşan nəsə bir şey tapa bilmədim. Belə çıxır ki, Elçin Şıxlının tənqidçisi mediada "dərinlik, dürüstlük, fikir aydınlığı, intellektə hörmət və əsl məzmun" tərəfdarı deyil?! İnanmağım gəlmir. Çünki bunu hamı istəyir: dövlət də, cəmiyyət də, o cümlədən, Elçin Şıxlı və onun tənqidçisi də.
"Soros xiffəti". Elçin Şıxlı haqqında bu ifadəni işlətmək nəinki yanlışdır, hətta ayıbdır. Çünki bu şəxs İsmayıl Şıxlı kimi bir görkəmli ziyalının ailəsində böyüyüb, onun uşaqlığı bir yazıçının bir povestdən gələn qonorarla mənzil, avtomobil ala bildiyi dövrə tuş gəlib. Yəni adam halal təminatlı ailədə boya-başa çatıb, yüksək təhsil alıb, çox yaxşı karyera qura bilib, ən əsası öz şəxsiyyətinin gücü və yaradıcı talantı ilə cəmiyyətdə özünə yer tutub. Heç kim, hətta ən qərəzli tənqidçilər belə deyə bilməz ki, Elçin Şıxlının indiki statusu, ictimai faktora çevrilməsi onun atasına görədir. Bunu demək nəinki səhv, hətta günah olar. Zamanında Elçin Şıxlının indi mərhum Rauf Talışinski ilə birlikdə, sonra isə özünün birinci şəxs olaraq rəhbərlik etdiyi "Ayna-Zerkalo" qəzetlərinin reklamdan əldə etdiyi qazancı indiki media yalnız xəyal edə bilər. Bu qəzetlərin bağlanmasını Elçin Şlxlıya irad tutan şəxsin özü bunun səbəbini çox yaxşı bilir, çünki media siyasətini formalaşdıran və həyata keçirən köhnə rəhbərliklə çox yaxın olub. Keçmiş "mətbəx"in içindən gəlib. Detallara varmayacam.
Bir sözlə, Elçin Şıxlının böyük hesabla Soroslara heç ehtiyacı da yox idi. Belə götürəndə, ölkədə məndən başqa hamı xaricdən qrant alıb. Kimisi qrantı alıb, sadəcə, dolanıb, kimisi alıb, dövlətinin əleyhinə işləyib, kimisi də alıb, dövlətin, xalqın xeyrinə işləyib. Xaricdən qrant almaq qəbahət deyil, əgər cinayət xarakterli bir əməl törədilməyibsə. Ona görə də xaricdən qrant almış hər kəsi eyni arşınla ölçmək olmaz. Dövlət qurumları özləri də zamanında qrantlar alıblar. Mən hələ dövlət məmurlarının yan təşkilatlar yaradaraq, gizli, yaxud dolayı yollarla qrant almasını demirəm. Mənim heç vaxt qrantla işim olmayıb, o cümlədən, xarici qrantla. Ancaq qanuni yolla və nəcib məqsədlə qrant alanlara da pis baxmıram. Nəticədə ölkəyə xarici valyuta gəlib, bunun nəyi pisdir?! Pis odur ki, dediyim kimi, xaricdən maliyyə alıb öz dövlətinin, millətinin maraqlarını satasan. Elçin Şıxlıda belə bir şey görməmişəm.
Yeri gəlmişkən, Elçin Şıxlı haqqında yazı yazan şəxsin özü də xaricdən qrant alanların ön sırasında gəlir. Adamların aldığı qrantı necə və nəyə xərclədiyinə baxmaq gərəkdir. Elçin Şıxlı hardan, hansı qrantı alıb, ya almayıb, mənə məlum deyil. Amma başlıcası odur ki, o, həmişə ölkənin, cəmiyyətin maraqları üçün çalışıb. Bəlkə bütün potensialını yönəldə bilməyib, bəlkə bütün imkanlardan yararlanmayıb, bu, başqa məsələdir. Amma adamı Sorosun xiffətini çəkməkdə günahlandırmaq, dediyim kimi, günahdır axı. Üstəlik iddia olunur ki, guya "Media purizmi: əsaslara qayıtmağın vaxtıdır" məqaləsini "sifariş" əsasında yazıb.
Mən Elçin Şıxlını tanıyan bütün vicdanlı insanlardan soruşuram: siz Allah, Elçin Şıxlının sifarişlə nəinki yazı, bircə cümlə belə yazdığını, yaza biləcəyini təsəvvür edirsinizmi? Cavab o qədər aydındır ki!
Ancaq yox! Tənqidçi dostumuzun sözünü o qədər də qəribçiliyə salmayaq: Elçin Şıxlı da sifariş qəbul edir. Bu, sadəcə, sosial sifarişdir. Yəni cəmiyyətin ondan istədiyini, gözlədiyini, ictimai maraqlara gərək olanları deyir və yazır. Əgər buna görə Elçin Şıxlını tənqid edirlərsə, qoy etsinlər.
Obyektiv, xeyirxah tənqidə, dediyim kimi, heç kəsin sözü yoxdur. Amma zaman-zaman obyektivlikdən uzaq tənqidlərə, hətta məqsədli kampaniyalara rast gəlirik. Məsələn, bu yaxınlarda talantlı rejissor Mehriban Ələkbərzadəyə qarşı da
qərəzli "mənəvi terror" hücumu olmuşdu. Guya bu nüfuzlu ziyalı xanım şəhid ailəsi haqda təhqiramiz fikirlər işlədib və sair. Bilirsiniz, Anadolu türkləri demişkən: olacaq şeylər var, olmayacaq şeylər var. Eyni şeyi bir polis əməkdaşı haqqında da demişdilər: guya şəhidlər haqda artıq-əskik danışıb. Onda da yazmışdım: polisə çox, irad tutmaq olar, çox şey demək olar. Ancaq bir polis əməkdaşının belə həssas mövzuda hansısa uyğunsuz ifadə işlətdiyinə inana bilmirəm, inanmıram. Eynilə Mehriban Ələkbərzadə haqda iddialara da inanmadım. İnanmamışdım, amma üzülmüşdüm. Hər münaqişənin də bir üslubu, əxlaqı, hətta düşmənçiliyin də bir etikası var. Mehriban Ələkbərzadə haqqında deyilənlər də, Elçin Şıxlının guya sifariş nəsə yazmasını iddia etmək də, elə o polis haqqında yazılıb-cızılanlar da bu etik normalara, yazılmamış qanunlara uyğun gəlmir. Yazılmış qanunları heç demirəm.
"Yandırılmış torpaq" taktikası hərbi termindir. Tarixdə çox nümunələr var. Elə 30 illik işğal dövründə Ermənistan Qarabağda bunu tətbiq etmişdi. Nəticələr göz qabağındadır.
Azərbaycan dövləti siyasi coğrafiyanı əhatə və ehtiva edir. Bir də, millətin öz mənəvi ərazisi var. Bu "ərazi"nin öz yüksək "dağları", öz kiçik "təpə"ləri, "düzən"ləri, "çöl"ləri var. Məsələn, Musa Yaqubun mənəvi boyu ən azı Bazardüzü zirvəsinin fiziki ölçüləri ilə ekvivalentdir. Yaxud Şəkidə hündür dağlar var, bir də Bəxtiyar Vahabzadə zirvəsi var ki, o, artıq bütün Türk dünyasından görünür. Eləcə də, mənəvi dünyamızın Məhəmməd Əmin kimi, Sabir kimi, Üzeyir Hacıbəyli kimi, Şəhriyar, Məmməd Araz, İsmayıl Şıxlı kimi... "strateji yüksəklikləri" də var. Mən hələ daha keçmişə getmədim.
Elçin Şıxlı kimi ziyalılar da çox qiymətlidir. Tənqid edəndə də bu cür nüansları nəzərə almaq şərtdir. Hətta cinayət məhkəməsi də müttəhimə hökm çıxaranda onun şəxsiyyətini nəzərə alır. Elə insanlar var, illərlə, onillərlə çalışır-çabalayır, media üçün və mediada heç fakt da ola bilmir. Elçin Şıxlı isə bütün uğurları və varsa, qüsurları ilə birlikdə illərdir, onillərdir, mediada faktdan ötədir, faktordur. Təkcə mediada yox, bütövlükdə ictimai həyatda, mədəni mühitdə faktora çevrilə bilib.
Mənim Elçin Şıxlıdan, onun məndən bir umacağımız yoxdur. Heç bir asılılığımız da yoxdur və olmayıb. Sinkler Luis demişkən: "Mən insanlardan heç nə gözləmirəm, ona görə də gözləntilərimdə heç vaxt yanılmıram". Odur ki, kimsə bu yazıdan başqa nəticələr çıxarmasın. Ya da çıxarsın, fərq etməz. Mövlanə deyib: "Bizi bilənlər bilir, bilməyənlər də özü kimi bilir".
Əslində Elçin Şıxlının mənim müdafiəmə ehtiyacı yoxdur; özünün qələmi mənim qələmimdən də güclüdür. İstəsə, özü nəsə yazar. Ya da bəlkə yazıb. Amma məni narahat edən milli-mənəvi ərazimizdə "yandırılmış torpaq" taktikasının işə salınmasıdır. Nədənsə mənəvi dağları təpələrə, hətta çölə çevirmək istəyənlər tapılır. Cəmiyyətdə
şəxsiyyət qıtlığı, fərdi fikir qısırlığı, mənəvi boşluq, ictimai vakuum yaradılması cəhdləri məni ağrıdır. Biz bir-birimizi aşağılayaraq yüksələ bilmərik. Böyüyü olmayan böyüməz. Hamının eyni mənəvi boy-buxunda, eyni sifətdə olması, eyni mətnlə danışması və eyni mövzuda susması... gerçəkdən bunlarımı istəyirik?!
Məncə, yox!
Bahəddin Həzi, Bizimyol.info
P.S. Ancaq Elçin Şıxlının sədri olduğu Azərbaycan Jurnalistlər Birliyinin ictimai-mənəvi həyatımızda daha aktiv rol oynaması zərurəti haqda fikrə qatılıram. Sıradan bir jurnalist olaraq, bunu gözləyirəm.