Bu gün Xaçmaz Rayon Mərkəzi xəstəxanasında jurnalistlə qurum rəhbəri arasında insident yaşanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla birgə vətəndaşlarla keçirdiyi qəbulda mübahisə baş verib.
Belə ki, qəbulda vətəndaş kimi iştirak edən "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyevin qaldırdığı problem qarşı tərəfin hiddətinə səbəb olub.
Bu barədə Müqəddəs Mehdiyevin özü Bizim.Media-ya məlumat verib.
O, insidentdən əvvəl səhiyyə rəsmilərinin qəbulunda qaldırdığı mövzulardan danışıb:
“Əvvəlcə bu ilin fevral ayında Zaur Əliyevlə Vüqar Qurbanovun Qusardakı qəbulunda, qaldırdığı məsələləri xatırlatdım. Qeyd etdim ki, Xaçmazın Xudat şəhər xəstəxanasının Ailə-sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməsindən ərazidə yaşayan 70 mindən artıq əhali narazıdır və bu səbəbdən sözügedən xəstəxananın əvvəlki statusu geri qaytarılmalıdır.
Daha sonra illərdir Xudatda təcili tibbi yardım stansiyasının tikintisinin yarımçıq qaldığını bildirdim. Zaur Əliyev tikintiisi yarımçıq qalmış təcili yardım stansiyasına vəsait ayrılacağı cavabını verdi. Sonra Xaçmaz rayon Mərkəzi Xəstəxanasında kompüter-tomoqrafiya aparatının olmamasını dedim.
Rəsmilər sözügedən aparatın 2 ay ərzində gətirilib quraşdırılacağını qeyd etdilər. Məqam son aylar Qusar rayon Mərkəzi Xəstəxanasında baş verən qalmaqallara çatdı. Tibb ocağının münaqişə yuvasına çevrilməsi, xəstəxana rəhbərliyinin sağlam mühit yarada bilməməsi, vaxtı keçmiş dərmanlardan istifadəyə göstəriş verənlərlə bağlı heç bir tədbirin görülməməsini, eyni zamanda bu xəstəxanadan çoxsaylı şikayətlərin olduğunu deyəndə, mübahisə düşdü. Bu vaxta qədər söhbətimiz sakit gedirdi”.
Müqəddəs Mehdiyevin iddiasına görə Vüqar Qurbanov onu əsassız yerə ittiham edərək qaldırdığı məsələləri şər və böhtan adlandırıb:
“Vüqar müəllim təkrar-təkrar “bu dediklərin şər və böhtandır, həmin şikayətləri bizə göndərin” deyə irad bildirdi. Mən isə “onsuz da bütün materialları sizə göndərirəm, özünüzü dövlət orqanı nümayəndəsi kimi aparın, sizin dedikləriniz şər və böhtandır" deyə cavab verdim. Mübahisəmiz 7-8 dəqiqə çəkdi. Hamı ayağa qalxdı və zaldan çıxdım”.
Müqəddəs Mehdiyev onu da əlavə edib ki, mübahisədən sonra özünü pis hiss edib, təzyiqi qalxdığı üçün təcili tibbi yardıma müraciət edib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.