Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub. Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
Məsələ ilə bağlı Bizim.Media Xalq artistinin özü ilə əlaqə saxlayıb. Lakin Naibə Allahverdiyeva sözügedən mövzuda danışmaq istəməyib:
“Bilirəm nəyə görə zəng etmisiniz. Amma halım yoxdur, xəstəyəm. Sonra danışarıq, indi özümü narahat hiss edirəm, əsəbiləşirəm”.
Qeyd edək ki, sənətçinin keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci il tarixində cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.
Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb.
Daha sonra Yusif onu əvvəlcə şillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.
Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.
Məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olduğuna qərar verib və Yusif İsmayılov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Onu da xatırladaq ki, aktrisa ikinci həyat yoldaşı ilə “Bir gün” verilişində barışmışdı.