“Nə qədər ki, təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmayacaq, idarəetmə funksiyaları yeni məzmun və forma alması mümkün olmayacaq, idarəçilikdə yeni problemlərin yaşanması qaçılmaz olacaq. Bu gün təhsilimizdə əsas hədəf təhsil verənə və alana deyiı, əsasən biznes və kommersiya maraqlarına tabe etdirilib.”
Bu sözləri “Moderator az.”-a açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib.
Ekspert "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"-na istinad edərək xatırladıb ki, bu “Proqram”ın başlıca məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, müəllim və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraiti təmin etmək, onların sosial müdafiәsinə zəmanət vermək, idarəetməni dövlət-ictima perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilmək, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət idi.
“Proqram”dakı "təhsil sisteminin hüquqi tənzimlənməsi”, "əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, "idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi”, "təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyaların yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi. Gözlənilən nətıcə kimi birmənalı şəkildə qeyd edilirdi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulacaq. Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.
“Islahat Proqramı”na habelə təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Sözügedən "Proqram”ın 6.3 maddəsinə əsasən "Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə "Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu.
Əbəs yerə deyildi ki, 2013-cü ildə qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutulurdu. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edirdi.
Məlumdur ki, idarəetmə - qarşıya qoyulmuş məqsəd və vəzifələri həll etmək üçün idarəetmə subyektlərinin müvafiq obyektlərə təsir göstərməsi ilə bağlı fəaliyyət növüdür. Məktəbi idarəetmə dedikdə, pedaqoji proses iştirakçılarının məqsədyönlü qarşılıqlı təsiri başa düşülür. İdarəetmənin struktur ünsürlərinə idarəetmə subyektləri və obyektləri, habelə onlar arasındakı qarşılıqlı münasibətlər daxildir. İdarəetmənin metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün idarəetmə obyektinə edilən təsir yolları, vasitələri başa düşülür. İdarəetmənin ümumi metodları hansılardır? İlk növbədə “Müşahidə metodu”; “Müsahibə metodu” ; “Tələb metodu” ; “Təlimatlandırma metodu” ; “İctimai rəy metodu”; “Rəğbətləndirmə metodu”; “Cəzalandırma metodu”; “Sosial-psixoloji metodlar” və s.
İdarəetmənin funksiyalarından və metodlarından danışarkən, indi gəlin görək, hamımız mı bu məsələləri lazımi səviyyədə həyata keçiririk? İdarəetmənin ən zəruri funksiyalarından biri olan planlaşdırmanın məqsəd və vəzifələrini, onun strateji, taktiki və cari hədəflərini düzgünmü müəyyənləşdiririk? Və ya planlaşdırdığımız işləri lazımi səviyyədəmi təşkil edirik? Təşkiletmədə səlahiyyət və cavabdehlik bölgümüz varmı? Təşkil olunan işlərə rəhbərlik nə dərəcədə həyata keçirilir, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əzmkarlıq göstərmək və zəruri resursları lazımı istiqamətdə cəmləşdirməyə rəhbərlik etmək səriştəmiz kifayət edirmi? İcraata nəzarət mexanizmlərimiz hansılardır və bunlar nəzarəti həyata keçirməkdə nə dərəcədə effekt verir?
Məktəbi idarəetmə dedikdə, pedaqoji proses iştirakçılarının məqsədyönlü qarşılıqlı təsiri başa düşülür. İdarəetmənin struktur ünsürlərinə idarəetmə subyektləri və obyektləri, habelə onlar arasındakı qarşılıqlı münasibətlər daxildir. İndi gəlin baxaq görək, məktəblərdə fəaliyyət göztərən pedaqoji şura, metodiki şura, Məktəb valideyn komitəsi, uşaq birlikləri arasında qarşılıqlı əlaqələrin işlək mexanizmi varmı? Bu kimi‘əlaqələrin monitoringi keçirilibmi? Məktəb direktoru hər hansı bir səlahiyyətə malikdirmi? Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunurmu? Dərs bölgüsü zamanı metodbirləşmənin rəyi nəzərə alınırmı? Məktəb ailə münasibətlərində sağlam atmosfer yaradılıbmı? Və s. və i.a.
Nəzərə alaq ki, qərar və qaydaların tez-tez dəyişdirilməsi təhsilin bir sistem olaraq oturuşmasına ciddi maneə yaradır. Bu da öz növbəsində geniş ictimaiyyər arasında narahatçılığa, haqlı narazılıqlara səbəb olmaqla yanaşı, məzunlarda fiziki və psixoloji gərginlik, stress, cəmiyyət üzvləri arasında isə müəyyən çaşqınlıq yaradır, yerli-yersis mübahisələrə, əlavə polemikalara, ciddi qarşıdurmalara yol açır. Onu da unutmayaq ki, təhsilin keyfiyətinə nail olmağın bir şərti də təhsilin bir sistem kimi oturuşmasıdır.
Unutmayaq ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulanıb. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkilib. Önə çəkilən tələb və vəzifələr isə bizi aşağıdaki sualları cavablandırmaq zərurəti qarşısında qoyur:
- Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
- Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradıldımı?
- Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
- Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
- İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
- İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
- Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
- Funksiyaların yuxarıdan aşağıya paylanması prosesi reallaşdımı?
- Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
- Əsas hədəf təhsil verənə və alana yönəldimi?
- Müəllimin nüfuzu artdımı?
- Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
- Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?
- Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
-Təhsilin unifikasiya xarakteri aradan qaldırmaq üçün hansısa əməli işlər görülübmü?
-Təhsilin inhisarsızlaşdırılması baş verdimi?
Suallar çoxdur. Cavab isə birdir. İdarəetmənin funksiyalarını işlək hala gətirmək barədə dünməliyik.Yəni, ən əsas məsələ idarəetmədə yol verdiyimiz boşluqlardır. Ona görə də bu boşluqlar aradan qaldırılmalıdır. Cəmiyyət inkişaf etdikcə təhsil, təhsil inkişaf etdikcə cəmiyyət inkişaf edir.Təhsil cəmiyyətin inkişafına uyğunlaşdırılmalıdır, yoxsa, cəmiyyət təhsillə uzlaşdırılmalıdır? Bu da günümüzün suallarından biridir...