“Dünyadakı geopolitik gərginliklər, inkişaf etmiş ölkələrin büdcələrindəki defisitlər, istehlak xərclərinin artması, mümkün ticarət müharibələri onu deməyə əsas verir ki, 2025-ci ildə də qiymət artımları davam edəcək”.
Bunu TNS-ə iqtisadçı Samir Heydərov deyib.
O qeyd edib ki, ABŞ-də müsbət makroiqtisadi göstəricilər fonunda qiymət artımı, inflyasiya riskləri hələ də qalmaqdadır: “İstehlakçı qiymət indeksinin ötən illə müqayisədə 2.6 faizdən 2.7 faizə qalxması ondan xəbər verir ki, ABŞ-də inflyasiya riskləri yüksəkdir. Buna baxmayaraq, FED-in dekabr iclasında əsas faiz dərəcəsini 25 punkt azaldacağı məlumdur.
Bir necə gün öncə Avropa Mərkəzi Bankı əsas uçot dərəcəsini gözləntilərə uyğun olaraq, 25 punkt endirib, bunu elan edəndən sonra avronun dollar qarşısında məzənnəsi son 10 günün ən minimum səviyyəsinə - 1.0469-a enib”.
Samir Heydərovun dediyinə görə, artıq Avropa Mərkəzi Bankı bu il 4-cü dəfədir, əsas uçot dərəcəsini aşağı salır: “Almaniya başda olmaqla, Avropa İttifaqına daxil olan ölkələrdə iqtisadi geriləmə Avropa requlyatorunun əvvəlki siyasətindən əl çəkərək, yumşaq monetar siyasət izləməsinə səbəb olub.
Birləşmiş Krallığın ümumi daxili məhsulunun əvvəlki aylara nisbətən 0.1 faiz azalması ölkədə ciddi narahatlıq doğurub. Proqnoza əsasən, Birləşmiş Krallığın UDM-nin 2024-cu ilin 4-cu kvartalında da pozitiv və neqativ risklər daşıyır.
Birləşmiş Krallığın UDM-nin artımının yavaşlamasi büdcə defisitin maliyyələşməsinə və pul vəsaitlərinin köçürülməsinə təsir edəcək. Bu da öz təsirini sosial siyasətdə göstərə bilər”.