Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində Türkan qəsəbə sakini Atlıxan Şəmsəddin oğlu İbrahimov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Atlıxan kəskin psixotik vəziyyət xəstəliyindən əziyyət çəkən və hamilə olan arvadına mütəmadi fiziki şiddət göstərib. O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə Atlıxan yeməyin duzlu olmasını bəhanə gətirərək həyat yoldaşına zərbələr endirib. Həmin zaman 18 həftəlik hamilə olan qadının bətnindəki döl tələf olub və tibbi müdaxilə göstərilib.
O da məlum olub ki, Atlıxan əvvəllər narkotik vasitələrlə bağlı cinayətə görə məhkum edilib. Onların ailəsi ilə bağlı problem daha əvvəl də mediada işıqlandırılıb. Belə ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasını döyüb və bu zaman qardaşı həmin hadisəni videoya çəkərək paylaşıb. Görüntülərdə qardaşının Atlıxanı atasını döydüyü üçün söyərək təhqir etməsi də əks olunub.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Atlıxan İbrahimova 2 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkəcək