Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Bəs ev dustaqlığının şərtləri nədən ibarətdir? Qanunda qeyd edilib ki, ev dustaqlığı müddətində şəxs müəyyən edilmiş ünvandan çıxmamalı, məhkəmənin və ya nəzarət orqanlarının göstərişlərinə əməl etməli və lazım gəldikdə elektron izləmə vasitələri ilə nəzarət altında ola bilər.
“Yeni Sabah”a məsələ ilə bağlı danışan ictimai vəkil Samir Zeynalov bildirib ki, ev dustaqlığı bir şəxsin məhkəmə qərarı ilə müəyyən olunmuş müddət ərzində evindən çıxmasına qadağa qoyulması şəklində tətbiq edilən qətimkan tədbiridir.
Onun sözlərinə görə bu tədbir, adətən, həbs qətimkan tədbirinə alternativ olaraq tətbiq olunur və məqsədi odur ki, şəxs azadlıqda qalsa da, istintaqdan və ya məhkəmədən yayınmasın, sübutların məhv edilməsinə və ya şahidlərə təsir göstərməsinə mane olunsun:
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 157-1-ci maddəsində ev dustaqlığı belə izah olunur: Ev dustaqlığı təqsirləndirilən şəxsin, məhkəmə qərarı ilə yaşadığı yeri tərk etmədən müəyyən məhdudiyyətlər altında saxlanılmasıdır.
S.Zeynalov əlavə edib ki, məhkəmə bunları müəyyən edə bilər:
“Evdən çıxmaq qadağan edilir (tam və ya müəyyən saatlarda);
Müəyyən şəxslərlə (şahid, zərərçəkmiş və s.) ünsiyyət saxlamaq qadağan olunur;
Telefon, internet və ya digər rabitə vasitələrindən istifadə məhdudlaşdırılır;
Elektron qolbaq (nəzarət vasitəsi) taxıla bilər;
Polis və ya prokurorluğa müəyyən vaxtlarda məlumat vermək öhdəliyi qoyula bilər”.
Ekspert onu da vurğulayıb ki, əgər həyati təhlükə varsa və ya ciddi xəstəlik ortaya çıxıbsa, şəxs dərhal həkimə müraciət edə bilər. Polis və ya icra qurumu bu təcili halla bağlı şəxsə kömək etməli, nəzarəti təmin etməlidir və əgər həkimə getmək ehtiyacı yaranarsa, həkimə gedərkən qolbağın aktiv qalması və məkan izləməsinin davam etməsi tələb oluna bilər:
“Nəticə etibarı ilə ev dustaqlığı ilə bağlı məhkəmə tərəfindən müəyyən edilmiş qaydaların təqsirləndirilən şəxs tərəfindən pozulması onun haqqında həbs qətimkan tədbirinin məhkəmə tərəfindən tətbiq edilməsini istisna etmir.
Onu da qeyd edim ki, ictimaiyyət içərisində həmişə qətimkan tədbirlərinin müddəti ilə bağlı çaşqınlıq, yanlış anlama olur. Belə ki, əksər insanlar elə bilir ki, 4 aylıq müddət birdəfəlik cəza tədbiridir. Lakin belə deyil. Bu müddət istintaq dövrü üçün seçilən müddətdir və artırıla bilər. Polis nəzarəti altında olan şəxs müəyyən edilmiş vaxtlarda, məsələn, 23:00-dan 07:00-a qədər, yalnız xüsusi hallarda evdən çıxa bilər; ümumiyyətlə isə evi tərk etmək qadağandır”.
Qeyd edək ki, ev dustaqlığına adətən qaçmaq və ya sübutları gizlətmək riski az olan, ağır cinayət törətmə ehtimalı aşağı olan, xəstəlik, yaşlılıq, uşaq baxımı və ya digər humanitar səbəbləri olan şəxslərə verilir. Bununla yanaşı, ev dustaqlığı yüngül və orta dərəcəli cinayətlərdə daha çox tətbiq edilir, çünki ağır cinayətlərdə adətən sərt həbs qərarları üstün tutulur.