Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nınsabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev haqqında ev dustaqlığı qərarının verilməsi həddindən artıq ciddi addımdır:
“Bu, son dövrlərdə ölkədə verilən ən mühüm qərarlardan biridir. Ramiz Mehdiyevlə bərabər böyük bir şəbəkə sıradan çıxarılır. Eyni zamanda, xaricdən, xüsusən Rusiya tərəfindən gələn təhdidə qarşı açıq mübarizə ortadadır.
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduqdan sonra açıq-aşkar şəkildə ölkədə Rusiyanın mövqeyini gücləndirib. O, dövlət içərisində özünün hegemonluğunu qurmuşdu. Hətta vəzifəsindən gedəndən sonra da xeyli müqavimət göstərdi. Faktiki olaraq əlində olanları vermək istəmirdi”.
Millət vəkili vurğulayıb ki, Ramiz Mediyevə çox ciddi maddələrlə ittiham irəli sürülüb:
“Görünür yaşı nəzərə alınaraq hələlik Ramiz Mehdiyevə ev dustaqlığı cəzası verilib. Hesab edirəm ki, Ramiz Mehdiyevdən sonra kənar ölkələrə işləyən böyük bir agentura şəbəkənin digər üzvləri də istintaqa cəlb olunacaq və lazım olan cəzalarını alacaqlar.
Ölkədə kənar qüvvələrin təsirində olan böyük bir şəbəkənin olması hər an təhlükə olduğu deməkdir. Ona görə də bu addımın doğru olduğunu və dəstəklənməli olduğunu düşünürəm”.