Bakının Pirşağı kəndi haqqında çox danışmışıq, yollarından, sahibsiz itlərindən... Kəndin bir hissəsinə verilən, digər hissəsinə verilməyən su haqqında çox yazılarımız olub. Və belə düşünürəm ki, bu kəndin bütün problemləri həll olunmayana qədər bu problemləri detallarına qədər hər zaman işıqlandıracağıq... 2022-ci ildə kəndin yollarını asfaltlamışdılar. Küçələr güzgü kimi idi. Bütün pirşağılılar sevinmişdi ki, bəs bizim də üzümüzə “tale gülərmiş”. Sonra həmin küçələri sözün hər mənasında dağıtdılar. Kanalizsiya, elektrik xəttləri və s. çəkdilər. Görünən odur ki, bu işləri görən qurumlar koordinasiyasız şəkildə işləyir. Yəni hərə “öz işimi gördüm bitirdim” deyə iş görür, büdcəsini bağlayır. Bəs iş görülürsə, hanı nəticə?
Qeyd etdiyim kimi yeni çəkilən asfaltı dağıdıb, kanalizasiya çəkdilər. İndi ana yolu təmir ediblər güya. Buna təmir demək olarsa... Yolun üzərində saysız kanalizasiya lyukları var ki, avtomobillərin hərəkətinə mane olur. Bəzi lyukları çox yuxarı qoyublar, sanki yağış ayaq açıb özü lyuka girərəck, bəzi lyuklar da o qədər dərin qoyublar ki, lyuka düşdünsə, avtomobilin altı mütləq yerə dəyəcək. Yəni işi bilməsən belə, müşahidə edəndə işin qeyri-professional şəxslər tərəfindən görüldüyü aydın şəkildə bəlli olur...
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Pirşağıda tamamlanmayan çirkab sularının təmizliyi kompleksi Bakı və Abşeron üçün çox vacib layihələrdən biridir. Belə ki, Abşeronun Şimal-şərqində olan yaşayış məntəqələrinin bütün çirkab suları təmizlənəndən sonra bir hissəsi suvarma üçün istifadə olunacaq, digər hissəsi dənizə axıdılacaq. Eyni zamanda bu Abşeronun Şimal hissəsindəki çimərliklərin ekoloji vəziyyətinə müsbət təsir edəcək.
“Təəssüflər olsun ki, bu layihənin hər dəfə açılışı uzanır. Orada daşıyıcı kollektorların tikintisi çox yubandı. Düşünürəm ki, bu layihəni tezləşdirmək lazımdır. Çünki, bu ərazilərdə artıq aktiv tikinti işləri həyata keçirilir. Yaxınlığında “SeaBreeze” inşa olunur, sürətli avtomobil yolu tikilir. Bu ərazini daha da cəlbedici edəcək və neçə illərdir fəaliyyət göstərən şəhərətrafı elektrik qatarı gündəlik əsasla bu əraziyə çıxışı təmin edirsə, ərazidə olan çatışmazlıqlar aradan qaldırılmalıdır”-deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, ümumi olaraq qurumlar arasında koordinasiya çox zəifdir: “Bir qurum əvvəl yol çəkir, digər qurum onu dağıdıb, digər kommunikasiyanı keçirir və ya yekunda bərpa olunandan sonra da bəzi natamamlıqlar müşahidə olunur. Bu mövzuda ilkin olaraq mövzunun vacib olduğu qurumlararası inteqrasiya və kommunukasiyanın təşkili yönündə işlər görmək lazımdır.
Lyukların axış qapaqlarının yuxarıda qoyulması məsələsinə gəldikdə, suyun ora yönəlməsi məsələsi var. Bu məsələ də araşdırılmalıdır, orada işlər bitibmi? Ola bilər ki, bir neçə lay asfalt vurulmalıdır. Amma, hələ iş tamamlanmıyıb. Bəlkə də bu səbəbdən elə vəziyyət yaranıb. Səhvlər varsa, araşdırılıb müvafiq olaraq tədbir görülməlidir”-deyən ekspert qeyd edib ki, Pirşağı ətrafında böyük layihələr icra olunur. Pirşağı su təmizləyici qurğusu, Pirşağı-Böyükşor avtomobil yolu, Pirşağının daxilində abadlıq işləri, Pirşağı-Novxanı-Fatmayı-Saray N1-N4 magistralını əlaqələndirən yol, hər tərəfdən Pirşağı istiqamətində hərəkətlilik müşahidə olunur. Bu da yaxın gələcəkdə Pirşağının əlçatanlığına birbaşa təsir edəcək.
Rauf Ağamirzəyevin fikrincə, qeyd olunan problemlər vacib problemlərdir və insanların gündəlik həyatına təsir edirsə, təxirə salınmadan aradan qaldırılması yönündə tədbirlər görülməlidir”.
P.S. Təbii ki, bu problemlər bizim gündəlik həyatımıza təsir edir. Məsələn, mənim yaşadığım məhəllədə qapağı olmayan iki lyuk var. Eyni zamanda küçəmizi elə dağıdıblar ki, əvvəllər asfalt çəkilməmişdən öncəki halı daha yaxşı idi. Bizim kəndimizi əslində abadlaşdırmaq istıyirlər, prezidentin bununla bağlı tapşırığı da var. Görünən odur ki, ya işi qeyri-professionallara tapşırıblar, ya da professionnallar tərəfindən professional şəkildə büdcədən pul silinir. Xeyirlisi!