“Nəvəmin toyu olmayıb. Sosial şəbəkələrdə “Vüqar Biləcərinin qardaşı oğlunun kiçik toyu” adı ilə paylaşılan xəbərlər yalandır. O bir “dost” dediyi insanın uydurmasıdır. Özünü Vüqarın qardaşı adlandırır, amma heç bir dəfə də məni yada salmır. Vüqarın bir qardaşı var, o da yeni ailə həyatı qurub. Vüqarın sağlığında adından istifadə edirdilər, indi ölüsündən də əl çəkmirlər”
Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra Vüqarın sənət dostlarının diqqətsizliyindən gileylənib:
“Sənət yoldaşlarından heç kim gəlmir, hal-əhval tutmur, adi zəng belə etmirlər. Efirdə yalandan danışırlar, reklam qazanmaq üçün. Qələt edib danışırlar. Başlarını daşa döyürlər. Vüqar onlara elə olmayıb. O ümumiyyətlə başqa oğul idi. Bunlar artistlərdir, özlərini reklam edirlər. Mənim heç kimin nəyinəsə ehtiyacım yoxdur. Onlardan pul istəmirəm. mal-mülk istəmirəm. Amma yalandan deməsinlər ki, gedib-gəlirik, diqqət göstəririk. Bircə Vüqarın ölümü məni yandırıb-tökür. 29 avqust Vüqarın rəhmətə getdiyi gündür. Hər il öz ailəmizlə qeyd edirik. Arzularım onunla getdi. Heç bir arzum yoxdur. Özümə ölüm arzulayıram ki, Vüqarın yanına gedim” deyə sənətçinin atası bildirib.









