Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdə gərginlik daha da dərinləşir. Son aylarda Ermənistan mənşəli məhsulların Rusiya bazarına girişində yaranan məhdudiyyətlər İrəvanda narazılıq doğurub. Ermənistan hakimiyyəti bunu Avrasiya İqtisadi Birliyinin (AİB) əsas prinsiplərinin pozulması kimi qiymətləndirir və təşkilat daxilində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunmalı olduğunu vurğulayır. Bu fonda Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətləri tənqid edərək, AİB mexanizmlərinin effektiv işləməsinin bütün üzv dövlətlərin marağında olduğunu bildirib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, ermənilərin hüquqi əsaslarına və sərbəst hərəkət prinsipinə baxanda görərik ki, Avrasiya İqtisadi Birliyinin əsas müqaviləsində qurum daxilində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti nəzərdə tutulur:
“Buna dörd sərbəstlik prinsipi deyilir. Birlik bunu təmin etməlidir. Bu baxımdan Ermənistanın hüquqi əsasları var, amma Rusiya tərəfi buna bəzi istisnalar kimi baxır. Məsələn, sanitar normalara uyğun deyilsə, öz ölkəsinin milli təhlükəsizliyinə, insan həyatına və ya sağlamlığına zərər yaradırsa, fitosanitar qadağalar qoya bilər. Rusiyanın arqumenti belədir ki, burada sanitar və texniki qayda pozuntuları var. Üstəlik, Ermənistan məhsulları daha sərt keyfiyyət standartları olan bazarlara problemsiz daxil olur. Amma necə olur ki, Rusiya bazarına qadağalar altında çıxır? Bu isə artıq Ermənistanın haqlı olduğunu ortaya qoyur. Sual yaranır ki, gərginlik Avrasiya İqtisadi Birliyi daxilində nəyə təsir göstərə bilər? Düşünürəm ki, bu, bir presedent riski yaradır. Çünki eyni formada Qazaxıstan və Qırğızıstan da gələcəkdə həmin təzyiqlərlə üzləşə bilər. İqtisadi birliyin siyasi tərəfinə gəldikdə isə, Ermənistanla bağlı sanki əsas axtarılır ki, təşkilatda qalmasın. Ermənistan hesab edir ki, birlik səmərəsizdir və ondan çıxmaq üçün əsas tapmağa çalışır”.
Ekspert qeyd edib ki, Ermənistan Rusiya bazarından asılılığı azaltmaq üçün Avropaya açılmaq istəyir:
“Hətta ABŞ bazarına da çıxmağa çalışır. Ona görə də qısa və orta müddətdə Ermənistan Rusiya bazarını tamamilə əvəz edə bilməz. Siyasi təzyiq mexanizmi kimi də, NATO ölkələri ilə təlim keçirsə, Roma Statutunu ratifikasiya edirsə, Rusiya da yuxarı Lars gömrük-buraxılış məntəqəsi üzərindən təzyiq göstərəcək. Gələcəkdə vəziyyətin necə olacağını isə Ermənistanın hansı siyasi seçimi edəcəyi müəyyənləşdirəcək”.









