"Hazırda bir qrup dələduz meydana gəlib.
Təsəvvür edin ki, şəhərdə ayrı-ayrı vətəndaşlara məxsus olan avtomobillərin şəklini çəkib internetə yerləşdirir və dəyərindən olduqca ucuz qiymətə satdıqlarını qeyd edirlər. Avtomobil almaq istəyən şəxs bu məlumatı görür və dərhal elanda olan mobil nömrəyə zəng edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, müştəri ilə telefonda danışan şəxs rayonda yaşadığını, yaxın adamının xəstə olduğunu və təcili pul lazım olduğu üçün avtomobili ucuz qiymətə satdığını bildirir:
"Bir az da qəmgin və saf insan təsürratı yaradan həmin şəxs başqa müştərilərin də az əvvəl zəng etdiyini bildirib kim tez qabağa düşsə avtomobili ona satacağını bildirir. Müştəri tez əl-ayağa düşür ki, avtomobili satma, özüm alıram.
Qarşı tərəf deyir ki, başqaları da belə deyir, əgər fikirin ciddidirsə beh at, o kart verir və müştəri həmin karta 300 manat atır. Sonra avtomobilin olduğu rayona yollanır və ora çatanda bayaq danışdığı nömrəyə artıq zəng çatmır. Məlum olur ki, həmin rayonda belə bir avtomobil heç yoxdur.
Bu yolla hazırda öıkəmizdə yüzlərlə adam aldadılıb. Bu cinayətkar şəbəkə xaricdən idarə olunduğu və aldadılıb alınan məbləğ 500 manatdan az olduğu üçün polisin onları məsuliyyətə cəlb etməsi də çətindir. Odur ki, insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdır".








