Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Emin Vəlizadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2024-cü ilin iyun ayında, saat 18:30 radələrində Biləsuvar şəhəri, Təyyarə meydanı, Z.Hacıyev küçəsində baş verib.
Belə ki, təqsirləndirilən şəxsin bacısı xalası oğlu, zərərçəkmiş Elçin Qafurovla (soyadı şərtidir) qeyri-rəsmi nikah münasibətində olub. Hadisədən əvvəl zərərçəkmiş bacısından ayrılıb, başqa qadınla ailə qurmağa hazırlaşıb.
Bunu isə Emin ailələrinin şərəf və ləyaqətini alçaldan, onları cəmiyyət qarşısında nüfuzdan salan hərəkət kimi qiymətləndirib. Bu səbəbdən o, Elçindən qisas almaq qərarına gəlib və onu öldürmək niyyəti formalaşdırıb.
Cinayət materiallarında göstərilir ki, hadisə günü zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes" markalı avtomobildə olarkən təqsirləndirilən şəxs onu görüb və əvvəlcədən formalaşdırdığı niyyətini həyata keçirmək üçün evindən özünə məxsus ov tüfəngini götürərək hadisə yerinə gəlib. Həmin vaxt avtomobilin sağ ön qapısı yanında bir nəfər, arxa hissəsində isə digər şəxs dayanırmış. Buna baxmayaraq, Emin ətrafdakı insanların həyatını da təhlükə altına qoyaraq ov tüfəngini avtomobilə tərəf tuşlayıb və iki dəfə atəş açıb.
Atəş nəticəsində Elçin sağ əlindən odlu silah yarası alıb. Ona sağ əlin odlu silah-güllə yaralanması və beşinci daraq sümüyünün açıq sınığı diaqnozu qoyulub. Ekspertiza həmin xəsarətləri sağlamlığa az ağır zərər vuran xəsarət kimi qiymətləndirib.
İstintaqın qənaətinə görə, zərərçəkmiş hadisə zamanı avtomobili sürətlə hərəkət etdirərək ərazidən uzaqlaşdığı üçün təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən cinayət niyyətini sona çatdıra bilməyib. Bu səbəbdən onun əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.
Məhkəmə iclasında Emin Vəlizadə özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.
O, ifadəsində deyib ki, zərərçəkmiş Elçin Qafurov 2014-cü ildə bacısı ilə ailə həyatı qurub. Lakin münasibətləri yaxşı olmadığından bacısı 2018-ci ildə ata evinə qayıdıb. Sonradan zərərçəkmişin başqa qadınla münasibətdə olduğunu öyrəndiyini və bununla bağlı onunla söhbət etdiyini deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, anası vəfat etdikdən sonra Elçin dəfələrlə ailələrinə qarşı hörmətsizlik edib. Hadisə günü isə küçədə onun yanından avtomobili yüksək sürətlə və saymazyana keçməsi onu əsəbiləşdirib. Bundan sonra evə gedərək ov tüfəngini götürüb küçəyə çıxıb. Daha sonra qonşusunun avtomobilinə minib və bir qədər irəlidə düşərək zərərçəkmişin olduğu istiqamətə yaxınlaşıb.
Emin məhkəmədə bildirib ki, məqsədi Elçini öldürmək deyil, onu qorxutmaq olub: “Tüfəngdə cəmi bir patron vardı və təxminən 5-10 metr məsafədən onun sağ əlini nişan alaraq atəş açdım”.
Məhkəmə iclasında dövlət ittihamçısının "Əgər məqsədiniz qorxutmaq idisə, niyə havaya deyil, birbaşa zərərçəkmişə atəş açdınız?" sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, Elçinin özünə xəsarət yetirməklə onu qorxutmaq istəyib və havaya atəş açacağı təqdirdə bunun təsirli olub-olmayacağını düşünməyib.
Məhkəmənin hökmü ilə Emin Vəlizadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.









