Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisənin başlanmasına səbəb təqsirləndirilən şəxsin bacısı ilə onun həyat yoldaşı arasında yaranmış ailədaxili gərginlik olub.
Belə ki, bacısının mobil telefonunda "WhatsApp" tətbiqi vasitəsilə Firuz Baxşizadə ilə apardığı yazışmaları həyat yoldaşı aşkar etdikdən sonra ailədə münaqişə yaranıb. Bu barədə məlumat alan İbrahim Babayev məsələni aydınlaşdırmaq məqsədilə Bakı şəhərindən Cəlilabad rayonuna gəlib.
Cinayət işinin materiallarına əsasən, o, əvvəlcə Firuz Baxşizadənin Bakı şəhərində birlikdə yaşadığı əmisi Azər Baxşiyevlə telefon əlaqəsi saxlayıb. İbrahim Azərə Firuzu həmin məsələyə aydınlıq verməsi üçün Cəlilabad rayonuna gətirməsini bildirib.
Azər Baxşiyev növbəti gün Firuzla birlikdə gələcəyini bildirsə də, sonradan həmin vədə əməl etməyib.
Təqsirləndirilən şəxs Firuzun gətirilməməsini qəbul etməyərək Azər Baxşiyevi öldürmək qərarına gəlib. Bu məqsədlə Cəlilabad şəhərində "İran bazarı" kimi tanınan bazardan qatlanan cib bıçağı alıb və üzərində saxlayıb.
Daha sonra tərəflər telefon danışığı zamanı Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evində görüşmək barədə razılığa gəliblər.
Hadisə günü – 16 fevral 2026-cı il saat 13 radələrində İbrahim həmin evə gəlib, Azər Baxşiyevlə salamlaşdıqdan sonra onun təklifi ilə birlikdə qonaq otağına keçiblər. Azər Baxşiyev divanda əyləşdiyi vaxt təqsirləndirilən şəxs gödəkçəsinin cibində gizlətdiyi bıçağı çıxararaq onun sinə nahiyəsinə bir dəfə zərbə endirib.
Ekspertiza rəylərinə əsasən, zərbə nəticəsində döş qəfəsinin sol hissəsindən daxil olaraq ürək kisəsi və ürək zədələnib. Ağır daxili qanaxma nəticəsində Azər Baxşiyev hadisə yerində aldığı xəsarətlərdən həyatını itirib.
Məhkəmədə İbrahim Babayev özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, Azəri öldürmək məqsədi olmayıb. Bildirib ki, əvvəlcədən Firuzla görüş təşkil etmək istəsə də, Azər qardaşı oğlunu gətirməyəcəyini söyləyib. Bundan sonra əsəbiləşərək tanışı Raqifə zəng edib və "Firuzu gətirməsələr, qan çıxacaq" dediyini etiraf edib.
İbrahim Babayev ifadəsində qeyd edib ki, hadisə günü bazardan aldığı kiçik qatlanan bıçaqla əvvəlcə Firuzu vurmağı planlaşdırıb. Lakin sonradan Azərlə üz-üzə görüşüb. ootağa daxil olduqdan sonra qapını bağlayıb və Azərə "Sən idin mənim üstümə gələn?" deyərək ayağına zərbə vurmaq istəyib. Lakin Azər həmin vaxt divanda əyləşdiyindən bıçaq gözləmədiyi şəkildə sinə nahiyəsinə dəyib.
"Təkcə bir dəfə bıçaq vurmuşam. Onu öldürmək niyyətim olmayıb. Hadisədən sonra həyəcan keçirdim. Daha sonra evdəkilər otağa daxil oldular və Azəri xəstəxanaya apardılar. Mən isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat verdim", – deyə təqsirləndirilən şəxs məhkəmədə söyləyib.
O həmçinin vurğulayıb ki, Azərin ailəsi ilə əvvəllər heç bir düşmənçiliyi olmayıb. Bacısının Firuzla yazışmaları barədə isə hadisədən əvvəl məlumat əldə etdiyini söyləyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə ifadəsində deyib ki, hadisə barədə sonradan məlumat alıb. Onun sözlərinə görə, yazışmalar aşkar edildikdən sonra məsələni böyüklərin iştirakı ilə sülh yolu ilə həll etmək məqsədilə görüş təşkil olunmuşdu.
Hüquqi varis məhkəmədə təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və istintaq zamanı verdiyi ifadələri tam təsdiq etdiyini bildirib.








