Hazırda İctimai TV-nin bəzi futbol şərhçiləri "filankəsin ifasında cərimə zərbəsi", "filankəsin ifasında qol" kimi ifadələr işlədir və demək olar ki, bunu futbolun bir dilinə çeviriblər.
Bəs geniş istifadə olunması onu norma kimi qəbul etməyə əsas verirmi, yoxsa yanlış olduğu üçün dəyişdirilməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Məmmədov bildirdi ki, ifa sözü ərəb mənşəli sözdür. Lakin onun sözlərinə görə, uzun əsrlər boyu dilimizdə işlənildiyi üçün artıq Azərbaycan dilində vətəndaşlıq qazanmış, tam mənimsənilmiş sözlərdən biridir:
"Semantik mənası "yerinə yetirmək", "tamamlamaq" deməkdir. Azərbaycan dilində "ifa" sözü daha çox səs və səhnə fəaliyyəti ilə bağlı işlədilir. Məsələn, "müğənni mahnını ifa etdi", "aktrisa rolunu ifa etdi". Yəni burada söhbət mədəniyyət hadisəsindən, müəyyən bir yaradıcılıq fəaliyyətinin yerinə yetirilməsindən gedir. Lakin fiziki hərəkətlə yerinə yetirilən fəaliyyətlərə gəldikdə vəziyyət dəyişir. Biz fiziki təmasla yerinə yetirilən hərəkətləri "ifa etmək" kimi ifadə etmirik. Məsələn, məmur vəzifəsini icra edir, ifa etmir. Heç kim demir ki, məmur vəzifəsini ifa edir. Bu, dil baxımından doğru səslənmir. Eyni qayda futbola da aiddir. Futbolçu cərimə zərbəsini vurur və ya cərimə zərbəsini yerinə yetirir. Futbolçu qol vurur. İndiyədək heç vaxt "futbolçunun ifasında qol oldu" və ya "qol baş verdi" kimi ifadələr işlədilməyib. Bu cür ifadələr Azərbaycan dilinin işlək normalarına uyğun deyil. Ona görə də hesab edirəm ki, sözlərin hansı məna çalarına aid olduğunu və hansı kontekstdə işlədildiyini diqqətlə izləməliyik. Əks halda, dilimizdə terminoloji dolaşıqlıq və semantik anlaşılmazlıq yarana bilər. Məncə, bu gün futbolda kiminsə yanlış istifadəsi nəticəsində terminləşməkdə olan bir sözü göz görə-görə, mənasını dərk edə-edə yanlış formada leksikonumuza daxil etməməliyik. Bu, dilimizin normalarına uyğun olmazdı. Əlbəttə, kimsə israr edirsə ki, bu sözü həmin mənada işlətmək istəyir, bu onun şəxsi seçimidir. Amma mənim fikrimcə, bu, doğru istifadə hesab edilə bilməz".








