Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi, çoxtərəfli platformalarda fəal iştirakı və balanslaşdırılmış xarici siyasəti ölkəmizin qlobal nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır.
Bəs dünyada yeni geosiyasi reallıqlar formalaşdığı bir vaxtda Azərbaycanın xarici siyasət kursunda hansı yeni prioritetlər ön plana çıxmalıdır?
Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan xüsusən son dövlərdə balanslaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür:
“Bu siyasət ilk növbədə Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. İstər ABŞ, istər Avropa və Yaxın Şərq ölkələri, eləcə də türk dünyası ilə Azərbaycanın qurduğu əməkdaşlıq münasibətləri birmənalı olaraq xarici siyasətimizin prioritet istiqamətidir və bu, öz bəhrəsini verib. Xüsusilə də İkinci Qarabağ müharibəsində biz bunun uğurlu nəticəsinə şahid olduq. Azərbaycanın xarici siyasəti bir sıra maneə yarada biləcək tərəfləri neytrallaşdırdı. Bu, bizim yürütdüyümüz xarici, balanslaşdırılmış və çoxvektorlu siyasətin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın yerləşdiyi coğrafi məkana görə, biz bir sıra logistik layihələrdə əsas dövlət rolunu oynayırıq. Həmçinin enerji daşıyıcılarının müxtəlif ölkələrə nəqli də Azərbaycanın regionda əsas dövlət olmasına imkan verməklə yanaşı, eyni zamanda həm siyasi, həm ticari, həm iqtisadi, həm də logistik imkanlar baxımından qurduğumuz münasibətlərin fonunda əldə etdiyimiz uğurlar kimi qiymətləndirilməlidir. “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Qars dəmiryol xətti”, “Orta dəhliz” kimi layihələr Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin bir parçasına çevirilməsinə imkan yaratdı. Xüsusən son dövlərdə cənub və şimal qonşularımızla, müharibə vəziyyətində olan ölkələrlə balanslaşdırılmış siyasət Azərbaycanı kənar təsirlərdən qoruyur.
Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, bir çox beynəlxalq platformalarda, forumlarda iştirak etməklə, diplomatik üstünlüyümüzü bir daha sübut edir. Həmçinin humanitar layihələrin həyata keçirilməsində, multikultural təşəbbüslərin verilməsində də Azərbaycan dövlət kimi aparıcı mövqelərdən birini tutub. İstər regional əməkdaşlıq konteksində, istər post-müharibə dövründə kommunikasiyaların açılması istiqamətindəki təşəbbüslərimiz, Azərbaycan nümunəsinin ortaya qoyulması və bunun beynəlxalq platformalarda təşviqi, təqdimatı Azərbaycanı maraqlı ölkələrdən birinə çevirib. Cənubi Qafqazda Azərbaycanın yürütdüyü çoxqütblü siyasət ölkəmizi həm maraqlı, həm də aparıcı lider dövləti statusuna gətirib çatdırıb. Bu siyasət davam etdikcə Azərbaycan həm də bölgədə dayanıqlı sülhə və sabitliyə nail olmağa çalışan ölkə kimi də gündəmə gəlir.
Azərbaycanın hazırkı vəziyyətdə yeritdiyi çoxvektorlu xarici siyasət müxtəlif qütblərdə olan ölkələrlə münasibətlərin əməkdaşlıq səviyyəsində artan dinamika ilə inkişafı, eləcə də türk dünyasının əsas hissəsi olaraq Türkiyə və türk dünyası ilə qurduğu formula Azərbaycanın beynəlxalq nüfuzunun artmasına bilavasitə təsir edir”.
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın apardığı siyasət həm regionda, həm də beynəlxalq təşkilatda sülhün, əmin-amanlığın təmin edilməsində böyük rol oynayır:
“Azərbaycan beynəlxalq birliyin fəal üzvlərindən biridir. Onun apardığı siyasət həm regionda, həm də beynəlxalq təşkilatda sülhün, əmin-amanlığın təmin edilməsində böyük rol oynayır. Cənab Prezidentin bu yaxınlarda çıxışında da dediyi kimi, nəinki qonşular, hətta qonşuların qonşuları ilə də xoş münasibətlər saxlamağa çalışırıq. Bu, beynəlxalq təşkilatlarda fəaliyyətimiz, əməkdaşlığa maraqlı olan ölkələrlə yaxşı münasibətlərin qurulması, milli maraqların ümumi nöqtələrinin tapılması yolu kimi də gösərilə bilər. Təsadüfi deyil ki, Azərbaycanın apardığı siyasət onun beynəlxalq təşkilatlarda vaxtaşırı təşəbbüslərinin dəstəklənməsi ilə nəticələnir. Azərbaycanın vaxtilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün 196 üzvün 155-nin səsini qazanmağımız, dörd il ərzində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərliyimiz, vaxtaşırı Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin yüksək nüfuzundan xəbər verir. Görünən ondan ibarətdir ki, Azərbaycan tək siyasi əlaqələrlə kifayətlənmir, ikitərəfli əməkdaşlığın bütün sahələrini də əhatə edir. İldən-ilə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı durmadan artır. Azərbaycana investisiya qoyan ölkələrin sayı çoxalmaqla yanaşı, Azərbaycan da invesitisiya qoyan ölkə kimi tanınır. Ümumən götürüldükdə düzgün dövlətçilik kursu, düzgün daxili-siyasi siyasət Azərbaycanı beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevirir”.









