“Azərbaycanın islamofobiya ilə mübarizəni beynəlxalq gündəliyin mühüm istiqamətlərindən biri kimi irəli sürməsi təsadüfi deyil. Son illərdə dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları, dini nifrət zəminində törədilən cinayətlər, müqəddəs dini dəyərlərin təhqir olunması və İslamın terrorizm və ekstremizmlə eyniləşdirilməsinə yönəlmiş yanaşmalar ciddi narahatlıq doğurur. Azərbaycan isə tarixən multikulturalizm, dini dözümlülük və birgəyaşayış ənənələrinə malik ölkə kimi bu tendensiyalara qarşı prinsipial mövqe nümayiş etdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hər hansı dinin və ya dini icmanın hədəfə alınması, nifrət ritorikasının təşviqi beynəlxalq hüququn və insan hüquqlarının fundamental prinsiplərinə ziddir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputatın sözlərinə görə, bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir, bu isə cəmiyyətlər arasında qarşıdurmanı dərinləşdirir, dini və mədəni zəmində ayrı-seçkiliyi gücləndirir: “Bu baxımdan Azərbaycanın bəzi Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müəyyən nümayəndələrinin İslam dini və müsəlmanlarla bağlı qərəzli yanaşmalarını tənqid etməsi haqlı və əsaslandırılmış mövqedir. Halbuki terrorizm və ekstremizmin hər hansı dinlə əlaqələndirilməsi yolverilməzdir və bu kimi yanaşmalar qlobal təhlükəsizliyə xidmət etmir. Azərbaycan eyni zamanda İslam dəyərlərinin qorunması, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bakı şəhərinin müxtəlif illərdə beynəlxalq dini və mədəni forumlara ev sahibliyi etməsi, İslam dünyası ilə Qərb arasında dialoq platformalarının yaradılmasına töhfə verməsi ölkəmizin bu sahədəki nüfuzunu daha da artırıb. Azərbaycan həm İslam dünyasının ayrılmaz hissəsi, həm də müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayan dövlət kimi qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”.
A.Əlizadə vurğulayıb ki, 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi üzərinə götürməsi də xüsusi əhəmiyyət kəsb edir: “Bu, ölkəmizin İslam dünyasında artan nüfuzunun və etimadının göstəricisidir. Azərbaycan sədrliyi dövründə İslam həmrəyliyinin gücləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fəal fəaliyyət göstərəcək. Eyni zamanda, dayanıqlı inkişaf, qarşılıqlı dəstək, innovasiya, təhsil və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqi əsas prioritetlərdən olacaq. Hesab edirəm ki, Azərbaycanın rəhbərliyi altında İƏT çərçivəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi və İslam dünyasının qlobal proseslərdə daha fəal rol oynaması üçün əlverişli imkanlar yaranacaq. Bu isə həm təşkilatın nüfuzunun artmasına, həm də üzv ölkələrin ortaq maraqlarının daha effektiv müdafiəsinə xidmət edəcək”.








