Paytaxt Bakıda 12 rayon icra hakimiyyətinin fəaliyyət göstərməsinə baxmayaraq, son illər bu qurumların səlahiyyətləri, idarəetmədə rolu və büdcəyə yükü ilə bağlı müzakirələr daha da intensivləşib. Bir sıra ekspertlər hesab edirlər ki, şəhər təsərrüfatının daha çevik idarə olunması üçün mövcud inzibati model yenidən nəzərdən keçirilməli, bəzi rayonlar birləşdirilməli və idarəetmə daha mərkəzləşdirilmiş sistem əsasında qurulmalıdır.
Bəs Bakıda rayon icra hakimiyyətlərinin bir hissəsinin birləşdirilməsi və ya vahid idarəetmə modelinə keçidi nə dərəcədə real və zəruridir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, hazırkı sistemdə rayon icra hakimiyyətlərinin funksiyaları kifayət qədər aydın deyil.
Onun sözlərinə görə, bu qurumların ləğv edilməsi və ya birləşdirilməsi şəhər təsərrüfatının idarə olunmasına ciddi mənfi təsir göstərməyəcək:
“Bakıda rayon icra hakimiyyətləri ilə bağlı ümumiyyətlə qeyri-müəyyənlik var. Onların funksiyasının nədən ibarət olduğu da tam aydın deyil. Hesab edirəm ki, onlar olmasa belə, şəhər təsərrüfatını idarə etmək mümkündür. Elə bir mühüm funksiyaları yoxdur.”
Akif Nağı qeyd edib ki, bəzi rayonlar vaxtilə yeni inzibati vəzifələr yaratmaq məqsədilə formalaşdırılıb və onların iriləşdirilməsi daha məqsədəuyğun olardı:
“Yeni vəzifə yerləri yaratmaq üçün yaradılan kiçik rayonlar da var. Onların birləşdirilməsi faydalı olar. Bu həm idarəetməni sadələşdirər, həm də dövlət büdcəsinə qənaət edilməsinə imkan verər.”
AVP sədri hesab edir ki, paytaxtın idarə edilməsində əsas yük gələcəkdə Bakı Şəhər İcra Hakimiyyətinin bazasında formalaşdırılacaq müasir bələdiyyə idarəetmə modelinin üzərinə düşməlidir:
“Bakı Şəhər İcra Hakimiyyəti artıq mərhələli şəkildə meriya modelinə keçməlidir. Bunun vaxtı çatıb. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin konkret hansı funksiyanı yerinə yetirdiyi də aydın görünmür. İdarəetmə bələdiyyə prinsipləri əsasında qurulmalıdır.”
Akif Nağı həmçinin mövcud rayon bölgüsünün tarixi baxımdan da mübahisəli olduğunu bildirib:
“Rayon anlayışı süni inzibati bölgüdür. Azərbaycanın tarixi və idarəçilik ənənələrinə tam uyğun gəlmir. Bu məsələyə də yenidən baxılmalıdır.
Problemlər böyüdükcə onların idarə olunması da çətinləşir. Təsərrüfat, xidmət və təşkilati məsələlər mərkəzləşdirilərsə, qərarlar daha operativ qəbul olunar və icrası sürətlənər. Bakı şəhərinin idarə olunması ilə bağlı ciddi islahatlara ehtiyac var. Hamı görür ki, rayon icra hakimiyyətlərinin nəzərəçarpacaq fəaliyyəti yoxdur. Onların bir hissəsinin birləşdirilməsi həm rəhbər vəzifələrinin sayını azaldar, həm büdcə xərclərinə qənaət edər, həm də problemlərin daha çevik həllinə şərait yaradar.”
Onun fikrincə, paytaxtın gələcək inkişafı üçün yeni idarəetmə modelinin tətbiqi artıq zərurətə çevrilib və bu istiqamətdə islahatların gecikdirilməməsi məqsədəuyğun olar.









