
Ali Məhkəmədə yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Rahil Əmrahovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Rahil Əmrahov Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi vəzifəsində işləyib. Yanğın hadisə isə 23 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində, Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanda qeydə alınıb.
Belə ki, onun Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan hissəsində elektrik qurğularının artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin etməməsi, eyvanda tez alışan və yanan mayeləri (xlor, bromosept, markafos və s.) saxlaması, o cümlədən elektrik qurğularını gərginliyə qoşulu vəziyyətdə saxlaması səbəbindən yanğın baş verib. Nəticədə nəvəsini idman zalına gətirmiş 283 nömrəli tam orta məktəbinin idman müəllimi N.N. (ad, soyadı şərtidir) az ağır bədən xəsarətlər alınıb.
Hadisədən sonra Rahil Əmrahov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 4 000 manat miqdarında cərimə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü dəyişdirilib, cərimə cəzasının miqdarı 2 000 manata endirilib. Qərardan narazı qalan Rahil Əmrahov kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini istəmişdi.










