Bir vaxtlar azərbaycanlılar və rus turistlərin ən çox üz tutduğu Türkiyənin məşhur kurort şəhərləri olan Bodrum və Antalya boş qalıb.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə çimərliklərin, restoranların və hotellərin bir çoxunun boş qaldığı görünür.
Türkiyə mətbuatı və mütəxəssislər bunun əsas səbəbi kimi kəskin bahalaşmanı göstərirlər. Son illərdə yüksək inflyasiya və xidmət sektorunda qiymət artımları istirahəti bir çox ailə üçün əlçatmaz edib.
Məlumatlara görə, Antalyada hotellərin qiymətləri son illərlə müqayisədə ciddi şəkildə bahalaşıb,
Bodrumda isə bəzi özəl çimərliklərə giriş haqqı minlərlə lirəyə çatıb. Hətta adi restoranlarda bir lahmacunun qiymətinin 300-900 lirə arasında dəyişdiyi bildirilir.
Uzun illər rusiyalı və azərbaycanlı turistlərin axın etdiyi bu kurortlarda artıq əvvəlki canlanma hiss olunmur. Bahalı hotellər, yüksək restoran hesabları və əyləncə məkanlarında qiymətlərin sürətlə artması turistlərin bir hissəsini daha sərfəli istiqamətlərə yönəldib.
Turizm sektorunun nümayəndələri də etiraf edirlər ki, qiymət siyasəti dəyişməzsə, Bodrum, Antalya kimi yerlər əvvəlki illərdə olduğu kimi “əlçatan istirahət məkanı” statusunu tamamilə itirə bilər. Bir çox hotellər mövsümün ortasında belə endirim kampaniyalarına başlamağa məcbur qalıb.
Qeyd edək ki, beynəlxalq turizm nəşrləri də 2026-cı ildə Türkiyənin məşhur kurortlarında erkən rezervasiyaların azaldığını, turist sayında zəifləmə müşahidə olunduğunu və bunun əsas səbəbləri sırasında bahalaşmanın xüsusi yer tutduğunu vurğulayırlar.








