Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabadda 85 yaşlı anasını öldürməkdə təqsirləndirilən Ağamirzə Zeynalovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, Ağamirzə Zeynalov 2025-ci ilin iyul ayında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Sabirabad rayonunun Mürsəlli kəndində yerləşən evə gəlib. Həmin vaxt onunla birlikdə yaşayan 1940-cı il təvəllüdlü anası Balabikə Zeynalova oğlunun gecə saatlarında sərxoş vəziyyətdə evə gəlməsinə etiraz edib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Ağamirzə Zeynalov uzun müddət əvvəl boşandığı həyat yoldaşı ilə münasibətlərinin pozulmasında anasını günahlandırıb və bu səbəbdən onunla mübahisə edib. Ailə-məişət zəminində yaranan münaqişə zamanı təqsirləndirilən şəxs qisas niyyəti ilə anasına hücum edib. Hadisə zamanı yaşı və fiziki vəziyyəti səbəbindən müqavimət göstərmək imkanına malik olmayan Balabikə Zeynalovanın boğazından yapışaraq onu təxminən 10 saniyə müddətində boğub. Daha sonra isə yumruq və təpiklərlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
Nəticədə zərərçəkmiş şəxsə üz və bədənin müxtəlif hissələrində yaralar, qançırlar, dodaqlarda qansızmalar, boyun və ətraflarda çoxsaylı xəsarətlər yetirilib. Bundan əlavə, onun alın-təpə sümüklərinin açıq xətti sınığı, baş beynin qişalarında və toxumasında qansızmalarla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarətləri aldığı müəyyən olunub.
Ağamirzə Zeynalov anasının artıq hərəkətsiz vəziyyətə düşdüyünü və son nəfəsini verdiyini düşündükdən sonra törətdiyi əməli gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə bir neçə saat gözləyib. Daha sonra gecə saatlarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək anasının döyüldüyünü bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən Balabikə Zeynalova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın aldığı ağır xəsarətlər nəticəsində həmin gün səhər saatlarında xəstəxanada vəfat edib.
Məhkəmə istintaqı zamanı Ağamirzə Zeynalov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, hadisə günü əvvəlcə evdə olub, daha sonra Kürdəmir rayonuna gedərək orada unutduğu mobil telefonunu geri götürüb. Evə qayıdarkən anasını pilləkən yaxınlığında yıxılmış vəziyyətdə gördüyünü söyləyib.
Onun sözlərinə görə, anasını qaldırmağa çalışarkən qadın əlindən sürüşərək yenidən yerə yıxılıb. Daha sonra Balabikə Zeynalovanı yatağına uzandırıb. Təqsirləndirilən şəxs bildirib ki, anası həmin vaxt xırıldayırmış və o, baş verənləri tam dərk etmədiyi üçün yalnız bir neçə saat sonra polisə məlumat verib.
Ağamirzə Zeynalov məhkəmədə vurğulayıb ki, anasını heç vaxt döyməyib və onun üzərində aşkar olunan xəsarətlərin hamısı yıxılma nəticəsində yaranıb. O, hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, lakin anasını öldürmədiyini qeyd edib.
Lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələr elan olunub. Həmin ifadələrdə Ağamirzə Zeynalov anası ilə münasibətlərinin normal olmadığını, keçmiş həyat yoldaşından ayrılmasında onu günahlandırdığını etiraf edib.
İbtidai istintaq zamanı verdiyi ifadəsində Ağamirzə Zeynalov bildirib ki, spirtli içki qəbul etdikdən sonra övladlarının onun yanında yaşamamasını xatırlayaraq anasına qarşı aqressivləşib. O, hadisə günü əvvəlcə anasının üz nahiyəsinə bir neçə dəfə şillə vurduğunu, daha sonra boğazından tutaraq boğduğunu və ardınca başına, üzünə və bədəninə çoxsaylı yumruq və təpik zərbələri endirdiyini etiraf edib.
Həmçinin ifadəsində qeyd edib ki, Balabikə Zeynalovanı döşəmə üzəri ilə sürüyərək yatağa aparıb, aldığı xəsarətlər məhz onun fiziki zorakılığı nəticəsində yaranıb. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olduğu üçün vurduğu zərbələrin sayını və dəqiq nahiyələrini xatırlamadığını bildirib.
Məhkəmədə isə o, əvvəlki ifadələrindən imtina edib.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan mərhumun qızı ifadəsində söyləyib ki, anası son illər ağır xəstə olub və əsasən qardaşı Ağamirzə ona qulluq edib. O, hadisədən bir müddət əvvəl Balabikə Zeynalovanın bir neçə dəfə yıxıldığını, səhhətində problemlər olduğunu qeyd edib.
Hüquqi varis məhkəmədə qardaşının anasını qəsdən öldürdüyünə inanmadığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Bununla yanaşı, onun ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmədəki ifadələri arasında ziddiyyətlər aşkar olunduğundan həmin ifadələr də məhkəmədə tədqiq edilib.
Məhkəmə araşdırması zamanı şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar araşdırılıb.
Məhkəmənin hökmü ilə Ağamirzə Zeynalova 16 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.










